
Müalicə almaq istəyən xəstələr Türkiyəyə gedərək həm gəzib, istirahət edirlər, həm də istədikləri müalicəni alırlar.

Dünyada son illərdə müalicə məqsədilə edilən səyahətlərin sayı artmaqda davam edir. Həmçinin, ölkəmizdə də sağlamlıq turizminə maraq günü-gündən artır. Müalicə almaq istəyən şəxslər necə deyərlər, həm ziyarət, həm ticarət edirlər. Azərbaycanda da sağlamlıq turizmi ilə müxtəlif ölkələrə gedənlər var. Amma ən çox üz tutduğumuz ölkə Türkiyədir. Belə ki, müalicə almaq istəyən xəstələr Türkiyəyə gedərək həm gəzib, istirahət edirlər, həm də istədikləri müalicəni alırlar.
Biz də bu sahədə Azərbaycanda yeni fəaliyyətə başlamış Bayraktar Qrup Holdinqin CEO-su Emine Esra Bayraktarla söhbətləşdik.
Bayraktar Sağlamlıq Turizmi Bayraktar Holdinq şirkətlərindəndir və Azərbaycan vətəndaşlarının Türkiyədə müayinə, müalicə və əməliyyatlarını həyata keçirir.
Emine Esra Bayraktarın E-saglam.az-a müsahibəsini sizlərə təqdim edirik:
- Esra xanım, turizmin müxtəlif növləri var. Onlardan biri də sağlamlıq turizmidir. Sağlamlıq turizminə hazırda tələb necədir?
- Sağlamlıq turizmi bir xəstənin müalicə olunması və ya vəziyyətini yaxşılaşdırmaq məqsədilə yaşadığı ölkədən başqa bir ölkəyə səyahət etməsidir. Dünya ölkələrində sağlamlıq turizminə maraq hər keçən gün daha da artır. Türkiyə bu mövzuda ön sıradadır.
- Ön sırada edən səbəb nədir?
- Türkiyənin xəstəxanalarında tibbi xidmətin keyfiyyəti, tibb personalının yaxşı təhsili, xəstəxanalarının ən son texnologiyalara cavab verməsi, komfortlu olması Türkiyəni sağlamlıq turizmində lider edən səbəblərdən biridir. İqtisadi baxımdan bir çox dünya ölkələrindən daha uyğun və yaxşı xidmət veririk. Bu səbəblərdən dolayı, Türkiyə dünya ölkələri içərisində sağlamlıq turizmində ön sıralarda qalmağa davam edir.
- Bayraktar Sağlamlıq Turizmi şirkəti nə zaman fəaliyyətə başlayıb?
- Türkiyədə Bayraktar Holdinq 2015-ci ildə, Bayraktar sağlıq isə 2022-ci ildə qurulub. Bu ilin fevral ayından Azərbaycanda fəaliyyətə başlamışıq. Aprelin 1-də isə rəsmi şəkildə açılışımız olacaq. Bayraktar Qrup Sağlamlıq Turizmi olaraq Türkiyə Cümhuriyyəti Mədəniyyət Nazirliyindən, Türkiyə Cümhuriyyəti Səhiyyə Nazirliyindən lisenziya alıb və dövlətin rəsmi təsdiqi ilə xidmət veririk.
- Sağlamlıq turizmi üçün müraciət edənlərə hansı proseslərdə köməklik edilir?
- Bizə müraciət edən insanların şəxsi məlumatlarını alıb Türkiyədəki həkimlərimizlə paylaşırıq. Türkiyədəki həkimlərimizin verdikləri müayinə və müalicə planı və qiymətləri xəstələrimizə çatdırırıq. Xəstə Türkiyəyə gəlməyə qərar verdikdə, həkim randevusu təyin edirik. Türkiyədəki müalicə və müayinə müddətində xəstəmizin davamlı yanında oluruq.
- Sağlamlıq turizmi gələn şəxslərə bu səfəri maraqlı etmək üçün nələr edilir?
- Burada göstərilən xidmətlər turistlərin seçimlərindən asılı olur. Xəstələrimiz istəsələr, xəstəxana rezervasiyalarına əlavə olaraq hava limanı transferi, otel rezervasiyası və İstanbul turu paketlərimizdən də yararlana bilərlər. Biz Azərbaycandan Türkiyəyə müalicə üçün gələn xəstələrimizin müalicələrini ən yaxşı şəkildə tamamlayaraq ölkələrinə xoşbəxt və rahat şəkildə qayıtmalarını hədəfləyirik.
- Sağlamlıq turizmi üçün Türkiyəyə ən çox hansı yaş kateqoriyasına aid insanlar gedir?
- Əslində bütün yaş kateqoriyasına aid şəxslər gedirlər. Amma ən çox 40 yaşdan yuxarı qadınlar və kişilər müraciət edirlər.
- Sağlamlıq turizminin ən çox hansı növünə tələb var?
- Azərbaycandan Türkiyəyə getmək istəyən çox sayda xəstələr var. Bunların bir qismi ən çox “check up” və İstanbul turu üçün gələnlərdir. Yəni Türkiyəyə gəlib həm müalicə olurlar, həm də istirahət edirlər. Digər qismi isə mövcud xəstəliyinin yaxşılaşdırılması və əməliyyat üçün gələnlərdir. Azərbaycandan Türkiyəyə ən çox onkoloji, orqan nəqli, uşaq cərrahiyyəsi, diabet və ümumi cərrahiyyə ilə bağlı xəstələr aparırıq. Piylənmə ilə bağlı mədə kiçiltməsi, boy uzatma əməliyyatları da maraq dairəsindədir
- Sizi digər turizm agentliklərindən fərqli edən özəllikləriniz nələrdir?
- Bayraktar Sağlamlıq Turizmi agentlik deyil və Türkiyə Cümhuriyyətinin təşviqi ilə yaranmış şirkətdir. Həm Bakıda, həm də Türkiyədə ofislərimizin olması hər iki ölkədə xidməti yüksək səviyyədə təşkil etməyə imkan verir. Digər agentliklər xəstələri yalnız müəyyən faiz aldıqları klinikalara və ya öz klinikalarına göndərə bilir. Bayraktar Sağlamlıq Turizmi Şirkəti isə İstanbulun istənilən poliklinika və ya universal hospitallarında sizə büdcənizə uyğun təkliflər edir. Əgər hansısa səbəbdən uçuşunuz təxirə salınarsa, bilet və otel məsələləri sığortalanır. Həmçinin, əməliyyat zamanı fors-major hallar sığortalanır. Azərbaycanda dünya standartlarının qəbul etdiyi testlər və müayinələr edilərək, Türkiyədəki digər xərclərə və vaxta qənaət edilir. Agentlik və vasitəçirlərə verilən faiz hesabına əməliyyat və müayinə qiymətlərinin süni artımı baş vermir, əksinə əlavə endirimlər alınır. Bakı çıxışından, dönənədək sizi müşayiət edəcək personal, maşın, pasiyentin digər məişət istəklərini həyata keçirir. Əməliyyat sonrası müayinə Bakıda mümkün olarsa, test və müayinələri dünya standartlarına uyğun, Türkiyəyə getmədən Bakıda təşkil etmək vaxt itkisi və əlavə xərclərin qarşısını alır.
- Sağlamlıq turizmində qiymətlərin baha olduğunu deyirlər. Bunun səbəbləri nələrdir?
- Bütün dünyada inflyasiya hər gün artmaqda davam edir. Türkiyə Dövlətində isə türk vətəndaşlarına Sosial Müdafiə Qurumu (SGK) sığortası dəstək verir. Hətta, özəl bir xəstəxanada belə tibbi xidmət almaq istədiyimiz zaman SGK sığortası vasitəsilə müəyyən bir endirimdən yararlanırıq. Yəni, müalicənin bir qisminin məbləği SGK sığortası tərəfindən qarşılanır. Qarşıdakı günlərdə Azərbaycandakı vətəndaşlarla C1 sığorta etməyi düşünürük. Bu məsələdə müzakirələr gedir. Belə ki, Türkiyəyə Azərbaycandan gələn xəstələrin müəyyən məbləği C1 sığorta tərəfindən qarşılanarsa, ölkə xaricində alınan müalicə xərcləri Azərbaycan vətəndaşları üçün daha münasib və uyğun ola bilər.
- Azərbaycanda hələ yenisiniz. Planda nələr var?
- Əsas mərkəzi Türkiyədə olan Bayraktar Sağlamlıq Turizm şirkətimizin Azərbaycan ofisini Diamed Klinikasında açmışıq. Xəstələrimiz birbaşa müraciət edib üz-üzə məlumat əldə edə bilərlər.
Bayraktar Qrup Sağlamlıq Turizmi olaraq may ayından etibarən Türkiyədəki universitet xəstəxanalarının həkimlərini Azərbaycana gətirərək buradakı həkimlərə təhsil, təlim verəcəyik. Bunu davamlı olaraq etməyi planlayırıq.
Könül Oruc