Dokuz Eylül Universiteti Tibb Fakültəsi ilə Adnan Menderes Universiteti Baytarlıq Fakültəsinin birgə apardığı və TÜBİTAK tərəfindən dəstəklənən araşdırma İzmir körfəzində midyalarda ciddi virus çirklənməsini ortaya çıxarıb.
E-saglam.az xəbər verir ki, bir il boyunca dörd mövsüm ərzində toplanan nümunələr üzərində aparılan PCR analizləri göstərib ki, midyaların 26,7 faizində Hepatit A (HAV), 30 faizində isə Norovirus (NoV) mövcuddur. Bu nəticələr xüsusilə Bayraklı, Bostanlı, İnciraltı, Degaj, Mersin Körfəzi və Mordoğan bölgələrində daha çox qeydə alınıb.
Araşdırma virus yükünün birbaşa istehlak edilən midyanın ətli hissəsində toplandığını da müəyyən edib. Qida mühəndisi Bülent Şık bildirir ki, tapıntılar körfəzdə insan mənşəli çirklənmənin gücləndiyini göstərir. Onun sözlərinə görə, aşkarlanan viruslar kanalizasiya tullantılarının dənizə qarışmasının açıq göstəricisidir və bu vəziyyət ictimai sağlamlıq üçün ciddi risk yaradır.
Tərcümə: Könül Oruc