Tibb müəssisələrində iş mühitinin yaxşılaşdırılması, etik davranış qaydalarına əməl olunması və peşəkar münasibətlərin qorunması məqsədilə əməkdaşlar üçün “Etimad Xətti” istifadəyə verilib.
E-saglam.az xəbər verir ki, əməkdaşlar iş mühiti, etik davranış, peşəkar münasibətlər, səlahiyyətdən sui-istifadə halları, eləcə də keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə mane olan digər problemlərlə bağlı müraciətlərini təhlükəsiz və məxfi şəkildə təqdim edə bilərlər.
Qeyd olunub ki, daxil olan bütün müraciətlər məxfilik prinsiplərinə uyğun olaraq yalnız səlahiyyətli şəxslər tərəfindən araşdırılır və qiymətləndirilir.
Təşəbbüsün əsas məqsədi təhlükəsiz peşəkar mühitin qorunması, etik münasibətlərin gücləndirilməsi və tibb müəssisələrində qarşılıqlı etimada əsaslanan iş mühitinin formalaşdırılmasıdır.
Müraciət edən şəxslərdən hadisənin başvermə vaxtını, şəraitini, müşahidə olunan pozuntuları və digər vacib məlumatları mümkün qədər dəqiq və ətraflı şəkildə təqdim etmələri xahiş olunur. Bu, müraciətlərin operativ və obyektiv araşdırılmasına imkan yaradır.
Bildirilib ki, böhtan xarakterli, əsassız və ya qərəzli məlumatların təqdim edilməsi qanunvericiliyə uyğun məsuliyyət yarada bilər.