Qidalanma
Təkcə rəng deyil, şəfa daşıyırlar:
Qidalanma
290

Təkcə rəng deyil, şəfa daşıyırlar: Bənövşəyi qidaların gizli təsiri

Bitkilərə mavi, bənövşəyi və qırmızı rəng verən təbii piqment – antosiyanin – güclü antioksidant təsirə malikdir.

E-saglam.az xəbər verir ki, bu maddə sayəsində bənövşəyi rəngli meyvə və tərəvəzlər ürək-damar sağlamlığından tutmuş xərçəng riskinin azaldılmasına qədər bir çox fayda təqdim edir. Mütəxəssislər bu cür qidaların gündəlik rasionda mütləq yer almalı olduğunu vurğulayırlar.

Antosiyanin tək deyil

Daxili xəstəliklər üzrə mütəxəssis Prof. Dr. Osman Erk bildirir ki, bənövşəyi qidaların gücü yalnız antosiyaninlərlə məhdudlaşmır. Bu təsir, quersetin, kempferol, ellagic turşusu, rezveratrol və digər fenolik maddələrlə birlikdə, vitamin və mineralların sinerji təsirindən yaranır. Bu komponentlər birlikdə işləyərək orqanizmdə qoruyucu sistem kimi fəaliyyət göstərirlər. Üstəlik, üzvi və təbii şəkildə yetişdirilmiş məhsullarda bu təsir daha güclü olur.

Xərçəngə qarşı güclü sipər

Antosiyaninlərin güclü antioksidant və iltihab əleyhinə təsiri var. Bu maddələr xərçəng hüceyrələrinin yaranmasını və yayılmasını ləngidir. Xüsusilə böyürtkən və qaragilənin döş, yoğun bağırsaq, prostat və ağciyər xərçəngi kimi növlərə qarşı qoruyucu təsiri olduğu elmi araşdırmalarla sübut olunub.

Ürək və damar sağlamlığına dəstək

Antosiyaninlər damarları qoruyur, qan təzyiqini salır, laxtalanma riskini azaldır və LDL xolesterinin oksidləşməsinin qarşısını alır. 2008-ci ildə aparılan bir araşdırma qaragilənin trombosit funksiyasını tənzimlədiyini, qan təzyiqini saldığını və HDL xolesterini artırdığını göstərib.

Yaşlanma və diabetə qarşı təbii müdafiə

Antosiyaninlər sərbəst radikallarla mübarizə apararaq oksidləşdirici stressi azaldır və hüceyrə yaşlanmasını ləngidir. Bu maddələr karbohidratların sorulmasına təsir edən fermentlərin fəaliyyətini azaldaraq qanda şəkərin sürətlə yüksəlməsinin qarşısını alır, bu da diabet riskini azaldır.

Bağırsaq florasına müsbət təsir

Antosiyaninlər bağırsaqlarda prebiyotik təsir göstərir, faydalı bakteriyaların artmasına kömək edir və bağırsaq baryerinin funksiyasını yaxşılaşdırır. Bu da ümumi immun sisteminin güclənməsinə səbəb olur.

Beyin funksiyalarını gücləndirir

Qan-beyin baryerini qoruyan antosiyaninlər, Alzheimer və Parkinson kimi neyrodegenerativ xəstəliklərin qarşısını almağa kömək edir. Araşdırmalar bu maddələrin yaddaşı və öyrənmə qabiliyyətini artırdığını göstərir.

Antosiyaninlə zəngin qidalar hansılardır?

Böyürtkən, qaragilə, moruq, qara albalı, üzüm, qara yerkökü, gavalı, badımcan, çuğundur, bənövşəyi kələm, bənövşəyi kartof, aroniya, qara tut, turş albalı, zoğal, çiyələk, qara düyü, polen və sumaq bu maddə ilə zəngin qidalar arasındadır.

ORAC dəyəri yüksək olan qidalar

ORAC – qidaların antioksidant potensialını ölçən göstəricidir. Bənövşəyi qidalar bu dəyərlərə görə ən üst sıradadır və sərbəst radikalların təsirinə qarşı bədəni effektiv şəkildə müdafiə edir.

Bitkilər üçün də, insanlar üçün də qalxandır

Antosiyaninlər bitkiləri UV şüalarından, soyuqdan, rütubətdən və zərərli orqanizmlərdən qoruyur. İnsan bədənində isə ətraf mühit təsirləri, hava çirkliliyi və toksinlərə qarşı qoruyucu rol oynayır. Onlar bədəndə toksinlərin yığılmasının qarşısını alaraq hüceyrələrin zədələnməsinə mane olur.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun