Sağlamlıq
Tək bir hərəkət beyni sözün əsl mənasında
Sağlamlıq
149

Tək bir hərəkət beyni sözün əsl mənasında “kompüterə” çevirir

İndi elmi olaraq sübut edilib ki, fiziki fəaliyyət təkcə bədəni deyil, beyni də gücləndirir. Mütəxəssislərin fikrincə, sadəcə bir neçə növ fiziki aktivliyi gündəlik həyata daxil etməklə yaddaşı gücləndirmək, məkan qavrayışını artırmaq və zehni qocalmanı ləngitmək mümkündür.

E-saglam.az xəbər verir ki, fizioterapevt Paulina Kloskovska Britaniyanın The Times qəzetinə açıqlamasında bildirib ki, "Yalnız dörd növ fiziki fəaliyyəti həyatınıza əlavə etməklə siz zehni çevikliyi əhəmiyyətli dərəcədə artıra və beyin yaşlanmasını ləngidə bilərsiniz."

1. Uzaq məsafəyə qaçış – yaddaşı gücləndirir

2021-ci ildə aparılan bir araşdırma uzun məsafəyə qaçan 22 nəfərlə oturaq həyat tərzi keçirən 20 nəfərin beyin quruluşunu müqayisə edib. MRT nəticələrinə görə, qaçışçılarda yaddaşa cavabdeh olan hipokampus bölgəsində daha çox boz maddə aşkarlanıb.

Salk Bioloji Tədqiqatlar İnstitutu isə başqa bir araşdırmada sübut edib ki, həftədə 180 dəqiqəlik kardio məşqlər hətta yaşlı insanlarda belə yeni neyronların yaranmasını stimullaşdırır.

2. Balans məşqləri – məkan qavrayışını artırır

Yaşlandıqca insanların fəza qavrayışı zəifləyə bilər. Lakin balans məşqləri bu qabiliyyəti bərpa etməyə kömək edir. Scientific Reports jurnalında dərc olunan araşdırma göstərib ki, həftədə 3 dəfə, 50 dəqiqəlik balans proqramı həm yaddaş, həm də məkan oriyentasiyası baxımından əhəmiyyətli irəliləyiş yaradır.

Fitnes təlimatçısı Harri Koks ev şəraitində belə sadə məşqləri tövsiyə edir: "Bir dəqiqə ərzində bir ayaq üstə dayanmaq, daha irəli səviyyədə isə bu hərəkəti gözlər bağlı etmək sinir-əzələ koordinasiyasını gücləndirir."

3. HIIT – beyin zülallarını aktivləşdirir

Yüksək intensivlikli interval məşqləri (HIIT) sinir sistemi üçün həyati əhəmiyyət daşıyan BDNF adlı zülalın səviyyəsini artırır. BDNF – öyrənmə, sinir plastikliyi və yaddaş üçün əsas amildir.

T. Neurodegeneration jurnalında yayımlanan məlumatlara görə, BDNF çatışmazlığı Alzheimer xəstəliyində sıx müşahidə olunur və HIIT məşqləri bu baxımdan profilaktik əhəmiyyət daşıyır.

4. Güc təlimləri – zehni davamlılıq üçün vacibdir

Güc məşqləri həm fiziki dözümlülüyü artırır, həm də beyin strukturlarının yaşla bağlı degenerasiyasının qarşısını ala bilər. Kloskowska bildirir ki, bu sahədə aparılan elmi tədqiqatların sayı durmadan artır.

 

Evdə yüngül çəkilərlə (dumbbell) başlamaq, tədricən daha kompleks proqramlara keçmək uzunmüddətli koqnitiv sağlamlıq üçün tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun