Sumqayıtda partlayışda xəsarət alan dörd nəfərdən üçünün vəziyyəti orta ağırdır.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayış nəticəsində dörd nəfər (ikisi böyük, ikisi uşaq olmaqla) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinə yerləşdirilib.
1986-cı il təvəllüdlü (kişi cinsli) və 1990-cı il təvəllüdlü (qadın cinsli) şəxslər Təcili Tibbi Yardım Xəstəxanasına, 2013-cü il təvəllüdlü (kişi cinsli), 2008-ci il təvəllüdlü (qadın cinsli) şəxslər isə Uşaq Xəstəxanasına yerləşdiriliblər.
Müxtəlif növ yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. 1986-cı il təvəllüdlü şəxsin vəziyyəti stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qiymətləndirilir.
21:40
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ikimərtəbəli yataqxana binasının ikinci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
Hadisə nəticəsində mənzilin arakəsmə divarları uçub, pəncərə çərçivələri yerindən çıxıb, dörd nəfər xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
21:14
Sumqayıtda partlayış baş verib, xəsarət alanlar var.
“Report” xəbər verir ki, hadisə Y.Məmmədov (Metallurq) küçəsi iki saylı yataqxanada qeydə alınıb.
Hadisənin ilkin olaraq qaz balonundan baş verdiyi bildirilir. Partlayış zamanı bir ailənin dörd üzvü xəsarət alıb.
2008-ci il təvəllüdlü Nəzakət Ceyhun qızı Paşayeva üzün ikinci dərəcəli terniki yanığı, 2013-cü il təvəllüdlü Yusif Ceyhun oğlu Paşayev üzün birinci dərəcəli, əlin ikinci dərəcəli yanığı, 1986-cı il təvəllüdlü Ceyhun Eldar oğlu Paşayev üzdə, sağ və sol əlin yanıqları, həyat yoldaşı 1990-cı il təvəllüdlü Vüsalə Gündüz qızı Paşayevaya üzün və əllərin birinci və ikinci dərəcəli yanığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.