
Dəclə Universiteti Sağlamlıq Elmləri İnstitutunun şöbə müdiri Dr. Muhsin Duranın sözlərinə görə, idman yalnız ürək-damar və qan dövranı sisteminə deyil, eyni zamanda sümük strukturu və əzələlərin güclənməsinə də birbaşa təsir göstərir. Onun fikrincə, idmansız bir həyat ağlasığmazdır, çünki əzələlər skelet sistemini dəstəkləyir.

E-saglam.az xəbər verir ki, Dr. Duran qeyd edir ki, sümük sistemini möhkəmləndirmək üçün mütləq şəkildə idmanla məşğul olmaq lazımdır. Bu sahədə özünün də araşdırmaları olduğunu bildirən mütəxəssis vurğulayır: “İdman bir peşə deyil, həyat tərzidir. Əgər idmanın zərəri olsaydı, Avropada 90 yaşında velosiped sürən insanlar bu qədər sağlam qalmazdılar”.
O, şəkərli diabet xəstələrinə gündəlik yürüşü, disk yırtığı və boyun diski problemi olanlara isə üzgüçülüyü tövsiyə edir. Duranın fikrincə, idmanla məşğul olan insanlar həm fiziki, həm də ruh sağlamlığı baxımından daha balanslı olurlar.
Bədən Tərbiyəsi və İdman Liseyinin tələbələri də bu fikri bölüşür. Birinci kurs tələbəsi Muhammed Ali Arslanhan idman etdiyi gün özünü daha pozitiv hiss etdiyini bildirir. Tələbə Berfin Savuk isə 10 ildir voleybolla məşğuldur və idmanın təkcə sağlamlığa deyil, eyni zamanda zehni rahatlığa da müsbət təsir göstərdiyini deyir.
Mütəxəssislər yekdilliklə vurğulayırlar ki, aktiv həyat tərzi yalnız bugünkü deyil, sabahkı sağlamlığın da təməlidir.
Tərcümə: Könül Oruc