
Uzun və sağlam həyatın sirri yalnız genetik və coğrafi amillərlə məhdudlaşmır. Araşdırmalar göstərir ki, doğru qidalanma və stressin effektiv idarə olunması bu balansın əsas dayaqlarındandır. Xüsusilə bağırsaqların sağlamlığı və bitki mənşəli qidalar bu mövzuda ön plana çıxır.

E-saglam.az xəbər verir ki, bitki zülalları, xüsusilə paxlalılar (mərcimək, noxud, tofu və s.), təkcə fiziki sağlamlığı deyil, psixoloji rahatlığı da dəstəkləyir. Onlar maqnezium, B vitaminləri, triptofan və liflə zəngin olduğuna görə serotonin kimi “xoşbəxtlik hormonlarının” istehsalını artırır. Triptofanın serotoninə çevrilməsi isə sakitlik və müsbət əhval-ruhiyyə üçün əsasdır. Eyni zamanda maqnezium sinir sistemini rahatlaşdırır və yuxu keyfiyyətini artırır.
Bağırsaq sağlamlığı da burada mühüm rol oynayır. Çünki serotonin hormonunun 90 faizi məhz bağırsaqlarda sintez olunur. Bu səbəbdən bitki əsaslı, lifli və prebiyotiklərlə zəngin qidalanma stressə qarşı güclü bir dəstək mexanizmi yaradır.
Təbii ki, bəzi insanlar paxlalı məhsullardan sonra qaz və şişkinlik hiss edə bilər. Belə hallarda cücərdilmiş versiyalardan istifadə etmək faydalıdır. Çünki bu üsulla fitik turşusu və lektin kimi maddələr azaldılır, qidaların tərkibindəki vitamin və minerallar daha yaxşı sorulur.
Tərcümə: Könül Oruc