Bir mütəxəssis bildirib ki, soyuq havalarda insanın idrak qabiliyyətlərinin azalması təsadüfi deyil.
E-saglam.az xəbər verir ki, psixoloq Elizaveta Kulikovaya görə, beyin çox enerji tələb edən orqandır və temperatur aşağı düşəndə enerji qənaəti rejiminə keçir. Bu da yaddaşın, diqqətin və ümumi zehni aktivliyin zəifləməsinə səbəb olur.
Qış aylarında gün işığının azalması, günəşdən uzaq qalmaq və fiziki aktivliyin düşməsi beyin kimyəvi maddələrini – xüsusən əhval-ruhiyyəni tənzimləyən endorfinləri azaldır. Nəticədə həm motivasiya, həm də zehni çeviklik aşağı düşür.
Mütəxəssis qeyd edir ki, qışın sonuna yaxın şaxtalar daha kəskin hiss olunur. Çünki həm fiziki yorğunluq – vitamin çatışmazlığı, hərəkətsizlik, az günəş – həm də günlük stress, qar və buzda hərəkət kimi əlavə gərginlik toplanır. Bu vəziyyət bəzən depressiyaya yaxın əlamətlər belə yarada bilər. Lakin bu dəyişikliklərin hamısı müvəqqətidir və yazın gəlişi ilə əhəmiyyətli dərəcədə azalır.
Tərcümə: Könül Oruc