Yeni araşdırma sosial mediada yayılan zehni sağlamlıq və neyroinkişaf mövzulu məzmunun böyük hissəsinin etibarsız olduğunu ortaya qoyub.
E-saglam.az xəbər verir ki, Böyük Britaniyada Şərqi İngiltərə Universitetinin tədqiqatçıları 5000 paylaşımı analiz edərək onların 56 faizinin qeyri-dəqiq və ya əsassız məlumatlar ehtiva etdiyini müəyyən ediblər. Yanlış məlumatların ən çox yayıldığı platforma kimi TikTok qeyd olunub.
Tədqiqat göstərib ki, autizm və DEHB kimi neyroinkişaf mövzularında paylaşılan məlumatların yanlışlıq payı depressiya, narahatlıq və qidalanma pozğunluqları ilə bağlı məzmunla müqayisədə daha yüksəkdir.
Araşdırmanın həmmüəllifi Eleanor Çatbern bildirib ki, sosial mediada diqqət çəkən və sürətlə yayılan videoların hamısı etibarlı olmur. Onun sözlərinə görə, yanlış məlumatların bu qədər geniş yayılması istifadəçilərdə səhv təsəvvürlərin formalaşmasına səbəb ola bilər.
Tədqiqatçılar YouTube, TikTok, Facebook, Instagram və X platformalarında ümumilikdə 27 araşdırmanı təhlil ediblər. Nəticələrə görə, yanlış məlumatların səviyyəsi platformadan və mövzudan asılı olaraq dəyişir. TikTok-da DEHB ilə bağlı videolarda bu göstərici 52 faiz, autizmlə bağlı videolarda isə 41 faiz təşkil edib. YouTube-da orta göstərici 22 faiz, Facebook-da isə 15 faizə yaxın olub.
Araşdırmada qeyd olunub ki, sosial media gənclər üçün zehni sağlamlıqla bağlı məlumat əldə etməyin əsas mənbələrindən birinə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 10-19 yaş arası hər yeddi nəfərdən biri psixi pozğunluq yaşayır və bu yaş qrupunda xəstəlik yükünün 15 faizini təşkil edir.
Mütəxəssislər bildirirlər ki, gənclər çox vaxt simptomlarını anlamaq üçün sosial mediaya müraciət edir. Lakin yanlış məlumatlar normal davranışların xəstəlik kimi qəbul edilməsinə və ya ciddi problemlərin düzgün qiymətləndirilməməsinə səbəb ola bilər. Bu isə düzgün müalicənin gecikməsi riskini artırır.
TikTok CNBC-yə açıqlamasında araşdırmanın bəzi hissələrinin köhnə məlumatlara əsaslandığını bildirib və platformada zərərli sağlamlıq məzmununun silindiyini vurğulayıb. YouTube isə istifadəçilərə daha etibarlı məlumat təqdim etmək üçün lisenziyalı mütəxəssislərin kontentinə üstünlük verdiyini açıqlayıb.
Tərcümə: Könül Oruc