Sağlamlıq
Sosial media beyninizi çürüdürmü? –
Sağlamlıq
174

Sosial media beyninizi çürüdürmü? – Mütəxəssislərdən xəbərdarlıq

Sosial media həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, mütəxəssislər onun beyin sağlamlığına mənfi təsirləri barədə ciddi xəbərdarlıq edirlər.

E-saglam.az-ın məlumatına görə, Cənubi Karolina Tibb Universitetinin nevroloqu Dr. Andreana Benitez izah edir ki, məqsədsiz və həddindən artıq istifadə nəticəsində beyin faydasız məlumatlarla yüklənir. Bu hal “ağıl üçün zərərli yemək” kimidir – necə ki, daim fast food yemək orqanizmə ziyan vurur, keyfiyyətsiz onlayn məzmun da beyin funksiyalarını zəiflədir.

2023-cü ildə Oksford Lüğəti "beyin çürüməsi" ifadəsini ilin sözü elan edərək, onu aşağı səviyyəli internet məzmununa davamlı məruz qalmaqla intellektual qabiliyyətlərin tənəzzülü kimi xarakterizə etmişdi.

Tədqiqatlar göstərir ki, sosial mediada gündə 4 saatdan çox vaxt keçirən yeniyetmələrdə narahatlıq və depressiya riski əhəmiyyətli dərəcədə artır. Yetkinlərdə isə bu vərdiş yaddaş zəifliyi, diqqət dağınıqlığı və emosional qeyri-sabitlik kimi problemlərlə nəticələnə bilər. Uşaqlar arasında isə DEHB (diqqət çatışmazlığı və hiperaktivlik pozuqluğu) və davranış pozuntuları riski artır.

Kornel Universitetindən Dr. Kostantino İadecola isə bildirir ki, məsələ təkcə sosial mediada deyil, onun əvəz etdiyi dəyərlərdədir – canlı ünsiyyət, fiziki aktivlik və yaradıcılıq kimi fəaliyyətlər ikinci plana keçir.

Mütəxəssislər tövsiyə edirlər ki, sosial mediadan istifadəyə nəzarət edilməli, xüsusilə yatmazdan əvvəl məhdudlaşdırılmalı, sonsuz sürüşmə əvəzinə maarifləndirici və faydalı məzmunlara üstünlük verilməlidir. Həmçinin real həyatda daha çox ünsiyyət qurmaq və hobbilərə vaxt ayırmaq beyin sağlamlığını qorumaq üçün vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun