Yandex watch
Sızanaqlara qarşı

Fransada yerləşən əczaçılıq şirkəti sızanaqlarla mübarizə üçün dünyanın ilk peyvəndini hazırlamağa başlayıb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, mRNA texnologiyasına əsaslanan bu peyvənd hüceyrələrə genetik təlimatlar daşıyan molekullar vasitəsilə təsir göstərir. Nəticədə bədən, sızanaq əmələ gətirən bakteriyaların istehsal etdiyi zülallara qarşı immun cavab yaradır və beləliklə orqanizmin müdafiə sistemi güclənir.

Peyvəndin klinik sınaqları 2024-cü ilin aprelində başlanıb və 2027-ci ilə qədər davam etməsi planlaşdırılır. Sınaqlar uğurla başa çatsa və lazımi təsdiqlər əldə edilsə, bu, sızanaqlara qarşı ilk rəsmi peyvənd olacaq.

Peyvənd üzərində çalışan fransız alimləri bu addımı akne müalicəsində ciddi irəliləyiş kimi qiymətləndirirlər. Onlar bildirirlər ki, mövcud müalicə üsulları uzun müddət tələb edir, bəzən tam təsir göstərmir və ciddi yan təsirlərlə müşayiət oluna bilər. Yeni peyvənd isə daha davamlı və effektiv nəticə vəd edir.

Hazırda sızanaqlar üçün istifadə edilən üsullar — antibiotiklər, doğuşa nəzarət həbləri, retinoid kremlər və gellər — bir çox hallarda dəri quruluğu, qıcıqlanma və hətta psixoloji pozuntularla nəticələnə bilər. Bu baxımdan peyvənd, xüsusilə həssas yaş dövründə olanlar üçün alternativ çıxış yolu ola bilər.

Sızanaq problemi 11-30 yaş arası insanların təxminən 95 faizini təsir edir. Peyvəndin təsir müddəti və istifadə tezliyi hələ ki, dəqiq məlum deyil. Lakin bu yeni yanaşma sızanaq müalicəsində oyun qaydalarını dəyişə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az