Miqren milyonlarla insanın həyat keyfiyyətini azaldan ən yayılmış baş ağrısı növlərindən biridir. Üzün bir tərəfində hiss olunan döyüntülü ağrı, işığa həssaslıq və ürəkbulanma ilə müşayiət olunan bu vəziyyətə bəzi qidalar da səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, tiramin, nitrit, monosodyum qlutamat və histaminlə zəngin qidalar miqren tutmalarını artıra bilər.
Kofein miqren üçün həm faydalı, həm də riskli hesab olunur. Bəzi insanlarda qan damarlarını daraldaraq ağrını azalda bilsə də, digərlərində baş ağrısını artıra bilər. Xüsusilə kofeinin qəfil dayandırılması “çəkilmə baş ağrıları”na səbəb ola bilər. Bu səbəbdən mütəxəssislər kofein qəbulunu sabit saxlamağı və azaldılmalı olduqda bunu tədricən etməyi tövsiyə edirlər.
Şokolad da miqreni tətikləyə bilən qidalar arasında göstərilir. Araşdırmalara görə, onun tərkibində olan kofein və tiramin bəzi insanlarda baş ağrısı tutmalarına səbəb ola bilər. Xüsusilə tünd şokoladın miqdarı yüksək olduğu üçün daha çox risk yarada bilər.
Yaşlandırılmış pendirlər də risk qrupuna daxildir. Çeddar, parmezan və qauda kimi pendirlərdə tiramin səviyyəsi yüksək olur. Bu maddə həssas insanlarda qan damarlarına təsir göstərərək miqren tutmalarını gücləndirə bilər.
Mütəxəssislər emal olunmuş ət məhsullarının da baş ağrısına səbəb ola biləcəyini bildirirlər. Kolbasa, salam və vetçina kimi məhsullarda olan nitrat və nitritlər qan damarlarının genişlənməsinə təsir göstərərək ağrı mərkəzlərini stimullaşdıra bilər.
Spirtli içkilər, xüsusilə qırmızı şərab, miqren üçün ən tanınmış tətikleyicilərdən biridir. Spirt orqanizmdə susuzlaşmaya səbəb olur və bu da baş ağrısını gücləndirə bilər.
Mütəxəssislər bildirirlər ki, miqren tutmalarının qarşısını almaq üçün qida gündəliyi aparmaq faydalı ola bilər. Bu üsul hansı qidaların baş ağrısına səbəb olduğunu müəyyən etməyə və pəhriz vasitəsilə tutmaların tezliyini azaltmağa kömək edə bilər.
Tərcümə: Könül Oruc