Şəkərin sağlamlığa zərəri ilə bağlı ən geniş yayılmış miflərdən biri müəyyən edilib.
E-saglam.az xəbər verir ki, diyetoloq Daun Manninq bildirib ki, sağlam qalmaq üçün şəkərdən tamamilə imtina etməyə ehtiyac yoxdur. O, bu barədə “The Guardian” qəzetinə verdiyi müsahibədə danışıb.
Mütəxəssis izah edib ki, şəkərin miqdarını azaltmaq doğrudan da faydalıdır. Çünki qlükoza mədəaltı vəziyə əlavə yük yaradır, artıq çəkinin artmasına səbəb ola bilər və ürək-damar sağlamlığına mənfi təsir göstərir. Fruktoza da tam zərərsiz deyil, çünki asanlıqla yağ kimi yığılır və qaraciyərə əlavə yük salır.
Daun Manninq qeyd edib ki, şəkərin təsiri insandan insana dəyişir. Bəzi insanlarda şəkər qəbulu daha tez mənfi nəticələr verə bilər, digərlərində isə bu təsir daha zəif hiss olunur. Bu, orqanizmin fərdi xüsusiyyətləri ilə bağlıdır.
Onun sözlərinə görə, sağlam olmaq üçün şəkəri həyatımızdan tam çıxarmaq doğru yanaşma deyil. Bir çox bloqçular qanda qlükoza səviyyəsini daim sabit saxlamağı tövsiyə edir, lakin bu, elmi baxımdan tam əsaslı sayılmır. Çünki qlükozanın yüksəlməsi qida qəbuluna orqanizmin normal reaksiyasıdır.
Ekspert şəkərin səbəb olduğu mikroiltihablardan da qorxmağa ehtiyac olmadığını bildirib. Əgər bədən həddindən artıq stress altında deyilsə, bu cür yüngül iltihabi reaksiyaların öhdəsindən özü gələ bilir.
Daun Manninq tövsiyə edir ki, şirniyyat istehlakı məhdudlaşdırılsın və onlar acqarına deyil, əsas yeməkdən sonra qəbul edilsin. Bu halda şəkərin orqanizmə mənfi təsiri xeyli azalır və balanslı qidalanma daha asan təmin olunur.
Tərcümə: Könül Oruc