Klivlend Klinikasının stomatoloqu Denise Stepka səhər ağız qoxusunun bir neçə geniş yayılmış səbəbinin olduğunu bildirib.
E-saglam.az xəbər verir ki, o, qeyd edib ki, oyanarkən hiss edilən xoşagəlməz qoxunun ən əsas səbəbi ağız quruluğudur. Bu vəziyyət siqaret çəkmək, gecələr ağızdan nəfəs almaq və bəzi dərmanların təsiri nəticəsində yarana bilər. Yaş artdıqca ağız quruluğu daha da güclənə bilər.
Stepka əlavə edib ki, ürək yanması (reflü), diabet, qaraciyər və böyrək xəstəlikləri, həmçinin diş çürüməsi və periodontit də səhər qoxusunun səbəbləri arasındadır. Bundan başqa, protez və breket istifadə edənlər, eləcə də əvvəlki gecə qəhvə, spirtli içki, soğan və ya sarımsaq qəbul edənlər bu problemə daha çox rast gəlirlər.
Stomatoloq xəbərdar edir: ağız gigiyenasına düzgün əməl etməmək qoxunu daha da artırır və bu simptom bəzi hallarda gizli sağlamlıq problemlərindən xəbər verə bilər.
Tərcümə: Könül Oruc