E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirir ki, gecə saatlarında həddindən artıq tərləmə bəzən ciddi xəstəliklərin, o cümlədən xərçəngin ilkin əlaməti kimi ortaya çıxır.
Britaniya milli səhiyyə sistemi qeyd edir ki, otaq temperaturu normal olsa belə, pijamanı dəyişəcək qədər islanmış halda oyanmaq “gecə tərləmələri” sayılır və tibbi qiymətləndirmə tələb edir. Araşdırmalar göstərir ki, leykemiyaya diaqnoz qoyulan insanların təxminən 30 faizində bu simptom ilk müraciət səbəbi olub.
Hansı xərçəng növləri tərləməyə səbəb ola bilər?
Bəzi xərçəng növləri bədənin istiliyi tənzimləmə prosesini pozur və nəticədə gecə tərləmələri artır. Buna əsasən aşağıdakılar daxildir:
- qan xərçəngləri – leykemiya, hodgkin və hodgkin olmayan lenfoma
- orqan şişləri – böyrək, prostat və sümük şişləri
- nadir növlər – mezotelyoma və medullar tiroid xərçəngi
Bütün tərləmə xərçəng əlaməti sayılırmı?
Xeyr. Gecə tərləmələrinin bir çox başqa səbəbləri də var: dərmanların yan təsirləri, hormonal dəyişikliklər, infeksiyalar və menopauza kimi. Lakin mütəxəssislər bildirirlər ki, aşağıdakı üç əlamət birlikdə müşahidə olunarsa, vaxt itirmədən həkimə müraciət edilməlidir:
- səbəbsiz arıqlama
- təkrarlanan qızdırma və titrəmə
- gecə tərləmələrinin davamlı və yuxunu pozacaq dərəcədə olması
Mütəxəssislər xəbərdarlıq edir ki, islanmış çarşafları sadə istilik kimi qiymətləndirmək risklidir. Bu hal bəzən immunitet sisteminin görünməyən bir problemə reaksiyası ola bilər. Bu səbəbdən, simptomlar davamlıdırsa, həkimlə məsləhətləşmək ən doğru addımdır.
Tərcümə: Könül Oruc
E-saglam.az