
Bədən sağlamlığımız üçün faydalı sayılan bir çox qida, əslində dişlərimiz üçün təhlükə mənbəyi ola bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssis diş həkimi Dr. Deepa xəbərdarlıq edir ki, bəzi sağlam qidalar diş minasını zəiflədir və ağız sağlamlığına mənfi təsir göstərir.
Sitrus meyvələri və C vitamini: Diş minasına təhlükə
Portağal, limon, qreypfrut kimi C vitamini ilə zəngin meyvələr turşuluqları səbəbindən diş minasını zədələyə bilər. Xüsusilə acqarına qəbul edildikdə bu təsir güclənir. Dr. Deepa bu meyvələri yedikdən sonra ağzı su ilə yaxalamağı və ən azı 30 dəqiqə dişləri fırçalamamağı tövsiyə edir.
Qurudulmuş meyvələr: Yapışqan quruluş, yüksək şəkər
Xurma, kişmiş kimi qurudulmuş meyvələr sağlam görünsə də, yüksək şəkər tərkibi və yapışqan quruluşları səbəbilə dişlərdə bakteriyaların yaranmasına şərait yaradır. Həkim təzə meyvələrin daha təhlükəsiz olduğunu bildirir.
İdman və enerji içkiləri: Gizli təhlükə
Bu içkilər sağlam kimi təqdim olunsa da, tərkibindəki şəkər və turşu səbəbindən diş minasını zədələyə bilər. Uzunmüddətli istifadəsi dişlərdə ciddi problemlərə yol aça bilər.
Çay və qəhvə: Dişlərin saralmasına səbəb ola bilər
Tərkibindəki tanin maddəsi çay və qəhvənin dişlərdə sarı ləkələr yaratmasına səbəb olur. Həkim bu içkiləri az dəmləməyi və dişləri müntəzəm təmizləməyi tövsiyə edir.
Pomidor sousları və sirkəli qidalar: Turşu dişlərə zərər verir
Turşulu pomidor sousları və sirkə əsaslı salat sousları da diş minasını yumşaldıb aşındıra bilər. Bu təsiri azaltmaq üçün həkim bu qidaların pendir və əsas yeməklərlə birgə istehlak edilməsini məsləhət görür.
Tünd rəngli meyvələr: Gülüşünüzü ləkələyə bilər
Qaragilə, böyürtkən kimi antioksidantlarla zəngin meyvələr dişlərdə ləkə buraxa bilər. Yedikdən sonra ağzı yaxalamaq bu təsiri minimuma endirə bilər.
Dr. Deepa bildirir ki, diş sağlamlığını qorumaq üçün hər qidanın həm faydasını, həm də mümkün risklərini nəzərə almaq vacibdir. Sağlam qidalanmaqla yanaşı, ağız və diş gigiyenasına diqqət yetirmək uzunmüddətli sağlam gülüş üçün əsas şərtdir.
Tərcümə: Könül Oruc