
Saçlarınızın tez yağlanmasından şikayətçisinizsə, səbəb düşündüyünüzdən daha sadə ola bilər: istifadə etdiyiniz daraq.

E-saglam.az xəbər verir ki, saç baxımında düzgün məhsul seçimi qədər darağın təmizliyi də vacib rol oynayır. Uzun müddət təmizlənməyən daraqlar saçın yağlanmasına, pis qoxuya və cansız görünməsinə səbəb ola bilər.
Daraqlar niyə təmizlənməlidir?
Saç baxımı yalnız şampun və kondisionerlə bitmir. Gündəlik istifadə etdiyimiz daraqlar saçdakı məhsul qalığı, yağ və tozları özündə toplayaraq zamanla çirklənir. Bu çirklənmə isə hər daramada saçlara ötürülərək onların daha tez yağlanmasına və solğun görünməsinə gətirib çıxarır.
Ən sadə və təsirli üsul: Sirkəli su ilə təmizləmə
Daraqları təmizləmək üçün ev şəraitində asanlıqla hazırlaya biləcəyiniz qarışıq sirkə və sodadan ibarətdir. Bu təbii üsul çirkləri həll edərək daraqların ilk günkü təmizliyinə qovuşmasını təmin edir.
Necə təmizləmək olar?
-
Bir qaba isti su tökün, üzərinə bir az sirkə və soda əlavə edin.
-
Darağınızı bu qarışıqda bir gecə saxlayın.
-
Səhər təmiz bir fırça ilə darağı fırçalayın və bol su ilə yuyun.
Arqan yağı və saç spreylərinə diqqət
Arqan yağı kimi baxım məhsulları saç üçün faydalı olsa da, istifadə etdikdən sonra daraqların daha tez çirklənməsinə səbəb ola bilər. Bu səbəblə, belə məhsullardan sonra daraqların təmizlənməsi ikiqat vacibdir.
Təmiz daraq, sağlam saç
Mütəmadi olaraq təmizlənən daraqlar saçın yağ balansını qoruyur, daha təravətli və sağlam görünməsini təmin edir. Kiçik bir detal kimi görünə bilər, amma bu sadə vərdiş saç baxımında böyük dəyişikliklərə səbəb ola bilər.
Tərcümə: Könül Oruc