Britaniyalı bir iş adamı, tez-tez restoran yeməkləri yediyi üçün ciddi sağlamlıq problemi ilə üzləşib.
E-saglam.az xəbər verir ki, 42 yaşlı Adam Vereşinski Daily Mail-ə açıqlamasında bildirib ki, uzun illər ərzində partnyorları və müştəriləri ilə bahalı restoranlarda nahar etməsi, eyni zamanda evə tez-tez sifariş etdiyi Asiya yeməkləri nəticəsində alkoqolsuz qaraciyər yağlanması xəstəliyi (NAFLD) ilə üzləşib.
Zərərli vərdişlər olmadıqda belə yaranır
Vereşinski qeyd edir ki, o, heç vaxt alkoqoldan sui-istifadə etməyib. Sadəcə olaraq, axşam yeməklərində bir-iki stəkan şərab içdiyini və bunun zərərli olmadığını düşündüyünü bildirib. Hətta evə sifariş etdiyi Asiya yeməklərini də "sağlam seçim" hesab etdiyini deyib. Lakin sonradan öyrənib ki, bu yeməklərdəki souslar çox yağlı və işlənmiş maddələrlə zəngindir, bu da onun sağlamlığını ciddi şəkildə təhlükəyə atıb.
Gizli və səssiz xəstəlik
Adam 36 yaşına qədər daimi yorğunluq və halsızlıqdan əziyyət çəksə də, müntəzəm tibbi yoxlamalarda bütün analizləri normal çıxırdı. Dostlarının tövsiyəsi ilə qaraciyərini yoxlatdırdıqdan sonra NAFLD diaqnozu qoyulub. Bu xəstəlik qaraciyərdə iltihaba və hüceyrə zədələnməsinə səbəb olan yağ toplanması ilə xarakterizə olunur.
Həkimlər xəbərdarlıq edir ki, NAFLD çox zaman heç bir simptom vermədən inkişaf edir, lakin vaxtında diaqnoz qoyulmasa, qaraciyər sirozu və hətta xərçəngə səbəb ola bilər.
Düzgün qidalanma ilə bərpa mümkündür
Vereşinski bu diaqnozdan sonra həyat tərzini və qidalanma vərdişlərini dəyişib. Sağlam pəhrizə keçdikdən sonra qaraciyərinin funksiyası tədricən bərpa olunub.
Britaniyalı həkimlərdən artan narahatlıq
Daily Mail-in məlumatına görə, Britaniyada NAFLD diaqnozu qoyulan xəstələrin sayı sürətlə artır. Mütəxəssislər bunun səbəbi kimi insanların gündəlik həyatında daha çox işlənmiş, yağlı və konservant tərkibli qidalar istehlak etməsini göstərirlər.
Həkimlər tövsiyə edir ki, müntəzəm restoran yeməkləri ilə qidalanan şəxslər vaxtaşırı qaraciyər müayinəsi etdirsin və gündəlik pəhrizlərinə daha diqqətli yanaşsınlar.
Tərcümə: Könül Oruc