Uşaqlıq boynu xərçəngi ilkin mərhələdə çox zaman əlamətsiz inkişaf edir. Xəstəlik irəlilədikcə isə bəzi xəbərdaredici simptomlar ortaya çıxa bilər. Bunlara cinsi əlaqədən sonra, aybaşı dövrləri arasında və ya menopozdan sonra baş verən qanaxmalar, aybaşı qanaxmasının normaldan daha uzun və ağır keçməsi, sulu, qanlı və pis qoxulu vaginal axıntı, çanaq nahiyəsində, beldə və ya cinsi əlaqə zamanı hiss edilən ağrılar daxildir.
Mioma və ya endometrioz kimi xəstəlikləri olan qadınlar bu simptomların bəzilərini artıq yaşaya bilərlər. Ancaq əlamətlərdə dəyişiklik, şiddətlənmə və ya əvvəlki vəziyyətdən fərqli bir hal müşahidə edilərsə, mütləq mütəxəssisə müraciət olunmalıdır.
Uşaqlıq boynu uşaqlıq yolu ilə vaginanı birləşdirən sahədir və bu bölgədəki hüceyrələrin yavaş-yavaş dəyişməsi nəticəsində xərçəng yarana bilər. Xəstəliyin demək olar ki, bütün hallarında əsas səbəb HPV, yəni İnsan Papilloma Virusudur. Daha çox 30–35 yaş arası qadınlarda rast gəlinir, lakin bütün yaş qruplarında risk mövcuddur.
Bu xərçəngin iki əsas növü vardır. Birincisi, uşaqlıq boynunun xarici hissəsindəki hüceyrələrdən başlayan və ən çox rast gəlinən skuamöz hüceyrəli karsinomadır. İkincisi isə uşaqlıq boynu kanalındakı vəzi hüceyrələrindən başlayan adenokarsinomadır.
Risk altında olan qadınlar sırasında immun sistemi zəif olanlar, HİV/QİÇS xəstələri, çoxsaylı doğuş etmiş və ya erkən yaşda ana olmuş qadınlar, hamiləlik dövründə DES dərmanı istifadə etmiş anaların övladları, əvvəllər genital bölgə və ya sidik yolları xərçəngi keçirmiş şəxslər yer alır. Siqaret çəkmək də xərçəng riskini artıran əsas amillərdəndir.
Mütəxəssislər xəstəliyin riskini azaltmaq üçün mütəmadi ginekoloji müayinələrin vacibliyini vurğulayırlar. HPV peyvəndi, təhlükəsiz cinsi həyat, siqaretdən uzaq durmaq və bədəndə yaranan hər bir anormal dəyişikliyi vaxtında həkimə bildirmək erkən diaqnoz üçün həyati əhəmiyyət daşıyır.
Unutmaq olmaz ki, uşaqlıq boynu xərçəngi erkən mərhələdə aşkar edildikdə tam müalicə oluna bilən xəstəliklərdəndir. Buna görə də pis qoxulu axıntı kimi “kiçik” görünən əlamətlər belə diqqətdən kənarda qalmamalıdır.