
Gündəlik qida rasionunda geniş yer alan qiymə ətin tərkibi adətən mal, qoyun və ya quzu ətindən ibarət olur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi hallarda bazarda satılan qiymələr heç də göründüyü qədər “təmiz” deyil. Məhz bu səbəbdən, qiymə ətini alarkən onu qəssabın gözü qarşısında ət maşınında çəkmək tövsiyə olunur.

E-saglam.az xəbər verir ki, Türkiyədə Kənd Təsərrüfatı və Meşə Nazirliyi saxta və sağlamlığa zərərli qida məhsullarına qarşı mütəmadi nəzarət tədbirləri həyata keçirir. Son yoxlamalarda məlum olub ki, qiymə ətin tərkibinə bəzən ucuz və keyfiyyətsiz əlavələr – toyuq dərisi, qanad ucları, boyun hissələri, damarlar, sinirlər, qan laxtaları, hətta sakatat və heyvan qalıqları əlavə olunur. Bəzi hallarda isə at və eşşək əti kimi qanunsuz məhsulların istifadə edildiyi aşkarlanıb.
Bu cür saxtakarlıq qida sənayesində “zina” adlandırılır. Əlavə maddələrlə süni şəkildə çəkisi artırılan qiymələr alıcılara endirimli məhsul kimi təqdim edilir, lakin bu, ciddi sağlamlıq riskləri yaradır.
Saxta qiyməni necə tanımalı?
Mütəxəssislər bildirirlər ki, saxta qiyməni müəyyən etməyin bir neçə sadə üsulu var. Əgər qiymə əti yoğurduqda çox yağ buraxırsa və ya qeyri-təbii, solğun rəngə malikdirsə, bu, tərkibində fərqli növ ətlərin və artıq komponentlərin olduğunu göstərə bilər. Həmçinin qarışıq qiymə soyuducuda daha tez xarab olur və rəngində sürətli dəyişikliklər baş verir.
Təbii tərkibli mal və ya quzu ətindən hazırlanan qiymələr isə daha dayanıqlıdır və xarab olma müddəti uzundur.
İstehlakçı nə etməlidir?
Ən doğru yanaşma – qiyməni qəssabın gözünüzün qarşısında maşından çəkməsidir. Əgər bu mümkün deyilsə, tanınmış və etibarlı müəssisələrdən alış-veriş etmək daha təhlükəsizdir. Öz sağlamlığınızı qorumaq üçün tərkibi şübhəli məhsullardan uzaq durmaq vacibdir.
Unutmayın, ətin qiymətindən çox onun keyfiyyəti önəmlidir. Saxta qiymə həm mədəyə, həm də orqanizmə geri dönüşü olmayan zərər verə bilər.
Tərcümə: Könül Oruc