44 günlük Vətən müharibəsi zamanı ağır yaralandığı bildirilən Salyan rayon sakini, 2002-ci il təvəllüdlü Raqil Hüseynovun əlillik təyinatının yenilənməməsi ilə bağlı iddiaya TƏBİB-dən münasibət bildirilib.
Qeyd olunub ki, Raqil Hüseynovun tibbi sənədlərində qeyd olunan diaqnoz və ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları" əsasında qiymətləndirilib.
"Tibbi sənədlərdə qeyd olunan diaqnoz və ağırlaşmalar əlillik təyinatına uyğun olmadığına görə Həkim Məsləhət Komissiyası tərəfindən "Əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina aktı" tərtib edilərək təqdim olunub", - deyə açıqlamada bildirilib.
21 sentyabr 2026
Salyan rayon sakini, 2002-ci il təvəllüdlü Raqil Ağahüseyn oğlu Hüseynovun əlillik müddətinin başa çatmasına baxmayaraq, yenidən əlillik təyinatı almadığı iddia edilir.
Bu barədə sosial şəbəkədə paylaşım edilib.
Paylaşımda bildirilir ki, Raqil üç ay hərbi qulluqçu olub və 44 günlük Vətən müharibəsi zamanı ağır yaralanıb. Onun altı ildir əmək qabiliyyətini itirdiyi, 24 yaşının olduğu və əlillik hüququnun, pensiyasının verilmədiyi iddia olunur.
Paylaşımda Raqilin müharibə zamanı aldığı xəsarətlərə dair fotolar da yayımlanıb.
Məsələ ilə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov Oxu.Az-a açıqlamasında bildirib ki, Raqil Hüseynovun əlillik müddəti 27 may 2026-cı il tarixində başa çatıb.
O qeyd edib ki, həmin şəxsin əlilliyinin yenidən qiymətləndirilməsi ilə bağlı heç bir müraciət daxil olmayıb.
Tural Qurbanovun sözlərinə görə, bunun üçün vətəndaş qeydiyyatda olduğu poliklinikaya müraciət etməlidir:
"Şəxslə bağlı müvafiq sənədlər (Forma-88) tibb müəssisəsi tərəfindən elektron sistemə göndərilməlidir ki, əlilliyinin qiymətləndirilməsi aparılsın.
Göndəriş daxil edildiyi təqdirdə qanunvericiliyə uyğun olaraq Raqil Hüseynovun əlilliyinin təkrar qiymətləndirilməsi aparılacaq".