Alimlər tərəfindən aparılan araşdırmada məlum olub ki, probiotik qidalar diş çürüməsi və diş əti xəstəlikləri riskini azaldır. Xüsusilə qatıq, kefir və fermentləşdirilmiş tərəvəzlər ağızda faydalı bakteriyaların sayını artırır. Bu diş çürüməsinin qarşısını alır.
E-saglam.az xəbər verir ki, sağlam qidalanma vərdişlərinin ümumi sağlamlıqla yanaşı, diş sağlamlığı üçün də əhəmiyyətli olduğunu ifadə edən Diş və Üz-çənə Radiologiya Mütəxəssisi Dr. Baki Meşe bildirib ki, ağız və diş sağlamlığına zərərli qidalar olduğu kimi, faydalı qidalar da var. Qatıq, kefir və fermentləşdirilmiş tərəvəzlər kimi probiotik baxımından zəngin qidalar ağızdakı faydalı bakteriyaların sayını artırır və zərərli bakteriyaların çoxalmasının qarşısını alır:
"Diş sağlamlığını qorumaq və gücləndirmək üçün balanslaşdırılmış qidalanma, müntəzəm diş baxımı və zərərli qidalardan uzaq durmaq böyük əhəmiyyət kəsb edir.
Süd, qatıq və pendir kimi süd məhsulları yüksək miqdarda kalsium və fosfor ehtiva edir. Tüpürcək istehsalını artıraraq ağızdakı turşuları da neytrallaşdırır. Bundan əlavə, alma və yerkökü kimi lifli tərəvəz və meyvələr çeynəmə zamanı dişləri mexaniki təmizləyir və tüpürcək istehsalını stimullaşdırır.
Diş sağlamlığı üçün ən vacib vitaminlərdən biri də D vitaminidir. Bu vitamin dişlər və sümüklər üçün kalsiumu təmin edir. Günəş işığı D vitamininin ən yaxşı mənbəyidir. Bununla belə, balıq və yumurta sarısı kimi qidalardan da əldə edilə bilər.
C vitamini diş ətinin sağlamlığı üçün də çox vacibdir. C vitamini diş əti xəstəliklərinin qarşısını ala bilər. Sitrus meyvələri, bibər, çiyələk kimi C vitamini ilə zəngin qidaların qəbulu diş ətini gücləndirir. Flüor diş minasını gücləndirməyə kömək edir və kariyes riskini azaldır.
Şəkərli və turşulu qidalar diş sağlamlığına ciddi zərər verə bilər. Şəkər ağızdakı bakteriyalarla qarşılıqlı əlaqədə olur və turşu əmələ gətirir. Bu turşular diş minasına təsir edir və zamanla dişlərin aşınmasına və çürüməsinə səbəb ola bilər. Bu cür qida və içkiləri məhdud şəkildə istehlak etmək və sonra ağzınızı su ilə yaxalamaq vacibdir.
Su diş sağlamlığının qorunmasında mühüm rol oynayır. İçməli su yemək hissəciklərini ağızdan təmizləyir və turşuları zərərsizləşdirir. Bundan əlavə, flüorlu su içmək diş minasını gücləndirməyə kömək edir. Tüpürcək istehsalını artıraraq dişlərin çürüməsinə qarşı qoruyucu maneə yaradır".
Tərcümə: Könül Oruc