İnsanlar normada gün ərzində 3-4 dəfə qidalanmalıdırlar. Ancaq bu, insanlara görə dəyişir. Məsələn, hər hansı bir şəxs səhər və nahar yeməyini tam şəkildə - orqanizmin vitaminlərə, minerallara, zülala və digər qida maddələrinə, enerjiyə olan tələbatını ödəyəcək miqdarda qəbul edirsə, məhz axşamlar, yəni 3-cü qida qəbulunun olması vacib deyil. Çünki qida qəbulu yalnız mədəni doyurmaq deyil, eyni zamanda, orqanizmin ehtiyac olduğu qida maddələri və enerji ilə təmin edilməsidir.
E-saglam.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin qastroenteroloqu Turan Kərimova deyib.
Onun sözlərinə görə, qidalanmanın gün ərzində neçə dəfə olmasını bilmək üçün həzm prosesinə diqqət yetirmək lazımdır: “Çünki həzm sisteminin müxtəlif şöbələrində həzm prosesinin müddəti, yəni qidanın tam parçalanıb sorulması müəyyən saat intervalında olur və qəbul olunan qidanın tərkibindən, bişirilmə qaydasından asılı olaraq dəyişir. Belə ki, əsas enerji mənbəyi olan yağların, zülalların, karbohidratların parçalanması, sorulma həzm sisteminin müxtəlif şöbələrində müvafiq vaxt ərzində və sürətdə davam edir.
Mütəxəssislər son qidalanmanı yatmazdan 3-4 saat öncə olmasını tövsiyə edirlər. Eyni zamanda, iş rejimi ilə əlaqədar axşamlar qida qəbulu dəyişərək yatmazdan 1-1,5 saat öncə ola bilər. Çünki orqanizm özünü lazımi enerji və qida maddələri ilə təmin etmirsə, yatmaq məqsədəuyğun hesab edilmir. Tam ac qarına yatmaq orqanizmdə hormonal disbalans yaradır. Bu da öz növbəsində yuxu rejiminin pozulmasına gətirib çıxara bilər. Belə ki, ac olan zaman orqanizmdə leptinin (doyma hormonu) miqdarı artır. Bu hormonun miqdarının artması yuxu hormonunun, yəni melatoninin miqdarının aşağı düşməsinə səbəb olur. Yəni ac yatmaq yuxusuzluğa səbəb olur”.
Qastroenteroloq gecələr qidalanmanın yarada biləcəyi xəstəliklər barədə də danışıb: “Ümumiyyətlə, orqanizmdə bütün sistemlər bir-birinə bağlı və sinxron şəkildə fəaliyyət göstərdiyi üçün hər hansı sistemdə yaranan patologiya digər sistemlərə təsir göstərir. Buna görə də, gecə saatlarında qidalanma təkcə həzm sistemində deyil, eyni zamanda, ürək-damar, sinir, endokrin, immun və digər sistemlərdə bir sıra patologiyalara gətirib çıxara bilər. Həzm sisteminə aid olan patologiyalara qastrit, qastroezofagial reflüks, duodenit, kolit, xolesistit, pankreatit, qaraciyərin bir sıra patologiyaları daxildir.
Qeyd etmək istərdim ki, bu xəstəliklər bir-biri ilə əlaqəlidir. Birinin yaranması zəncirvarı olaraq digərinə gətirib çıxara bilər. Məsələn, gecələr qida qəbulu mədədə turşu sintezinin artmasına, bu da qastritə səbəb olur. Eyni zamanda, mədənin dolu olması mədədə kardial sfinkterin tam bağlanmamasına, bununla bərabər turşuluğun artması qastroezofaqial reflüks xəstəliyinin yaranmasına gətirib çıxarır. Həmçinin fermentativ proseslərin pozulmasına, bununla da, həzmin pozulmasına səbəb olduğu üçün xroniki pankreatit, xroniki xolesistit, qaraciyərin piylənməsinə gətirib çıxara bilər”.
T.Kərimova axşam saatlarında çox yağlı, qızardılmış qidalardan, un məmulatlarından, şirniyyatdan, turşuya qoyulan, hisə verilən qidalardan, qazlı və spirtli içkilərdən uzaq durmağı tövsiyə edib: “Çünki sadalanan qidalar gec həzm olunur, qida dəyəri aşağı, lakin kalorisi çox olduğu üçün orqanizmi lazımi qida maddələri, vitaminlər, zülallar, minerallar, enerji ilə təmin edə bilmir. Bu da müxtəlif xəstəliklərin yaranması ilə nəticələnir.
Düzgün bişirilmə qaydalarına riayət olunmayan qidalar nəinki həzm sistemində ciddi problemlərə yol açır, eyni zamanda, şəkərli diabet, hipertoniya xəstəliyi, böyrək patologiyalarına, su-duz mübadiləsinin pozulmasına da səbəb ola bilər.
Axşam yeməyindən sonra qısamüddətli gəzintilər tövsiyə olunur. Səbəb isə gəzinti zamanı metabolizmin sürətlənməsi, qan dövranının və həzm prosesinin yaxşılaşmasıdır. Bu zaman bütün sadaladığım dəyişikliklər tədricən, orqanizmə zərər vermədən baş verir. Eyni zamanda, qida maddələri tam şəkildə, metabolizmin son məhsullarına qədər parçalanır və bu da orqanizm üçün lazım olan vitaminlərin, amin turşuların, karbohidratların, mineralların rahat mənimsənilməsini təmin edir”.
Mütəxəssis axşam saatlarında aclığı doyurmaq üçün qəbul ediləcək optimal qidalar barədə danışıb: “Hər bir qəbul olunan qidanın tərkibindəki maddələrin həzm traktının müxtəlif şöbələrində parçalanma və sorulma müddəti var. Qidanın tərkibi nə qədər mürəkkəb, çətin parçalanan olarsa, orqanizmdə artıq toplanan şlakların, toksinlərin, tam parçalanmayan yağ turşularının miqdarı da bir o qədər çox olacaq. Bu da istər-istəməz artıq çəki yaradır. Ona görə də, axşam saatlarında həzmi asan olan qidaların qəbulu tövsiyə olunur. Bunlara yağsız balıq növləri, az yağlı ət və quş ətləri, tərəvəzlər, az miqdarda karbohidrat (düyü, bulqur və qarabaşaq) aiddir.
Təbii ki, yeməyin bişirilmə qaydasının böyük rolu var. Məsələn, qızartmalar, hisə verilən və konservləşdirilmiş qidalar, tam bişməyən qidalar məsləhət deyil. Buxarda bişmiş, təzə tərəvəzlərdən hazırlanan salatlar, süd məhsulları, xüsusən də az yağlı və ya yağsız kəsmik, pendir daha məqsədəuyğundur. Bu zaman porsiyalara da fikir vermək lazımdır. Sonda qeyd etmək istərdim ki, axşam yeməklərinə, xüsusən də salatlara az miqdarda sirkə, limon və digər sitrus meyvələrinin şirəsinin əlavə olunması yağları parçalayır və metabolizmi sürətləndirərək həzmi yaxşılaşdırır”.