Qaşlarda, burun kənarlarında və burun-dodaq nahiyəsində dərinin soyulması dermatoloqlara müraciət edən insanların tez-tez rastlaşdığı problemlərdəndir. Dermatoloq Diana Hadj bu nahiyələrdə qabıqlanmanın əsas səbəblərini açıqlayıb.
E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, bu nahiyələrdə yağ vəzilərinin fəaliyyəti daha aktivdir, eyni zamanda dəri həssas ola bilər. Buna görə də müxtəlif dəri problemləri ilk növbədə qaş və burun ətrafında özünü göstərə bilər.
Əgər soyulma qızartı, yağlı parıltı və sarımtıl qabıqlanma ilə müşayiət olunursa, səbəb seboreik dermatit ola bilər. Bu vəziyyət dəridə normal şəkildə yaşayan Malassezia adlı göbələyin həddindən artıq aktivləşməsi ilə əlaqələndirilir. Stress, hormonal dəyişikliklər və soyuq hava şikayətlərin artmasına səbəb ola bilər.
Burun və ağız ətrafında xırda qırmızı səpkilər, yanma və qabıqlanma yaranırsa, perioral dermatit də ehtimal edilə bilər. Bu problem bəzi hallarda hormonal kremlərin uzun müddət və həkim nəzarəti olmadan istifadəsi, ağır kosmetik vasitələr və digər qıcıqlandırıcılarla əlaqəli ola bilər.
Dərinin quruması və qoruyucu baryerin zəifləməsi də soyulmaya səbəb ola bilər. Xüsusilə soyuq aylarda havanın quru olması, evlərdə istilik sistemlərinin işləməsi və dərinin kifayət qədər nəmləndirilməməsi qaşınma və qabıqlanmanı artıra bilər.
Bəzən səbəb kosmetik vasitələr də olur. Tonal krem, pudra, tuş, günəşdən qoruyucu vasitələr, təmizləyicilər və hətta şampun belə burun və qaş ətrafında qıcıqlanma və ya allergik reaksiyaya səbəb ola bilər.
Daha nadir hallarda göbələk infeksiyaları və psoriaz da bu nahiyələrdə qabıqlanma yarada bilər. Göbələk infeksiyalarında sərhədləri aydın olan dairəvi ləkələr və güclü qaşınma, psoriazda isə qızarmış və üzəri ağappaq pulcuqlarla örtülmüş sahələr müşahidə oluna bilər.
Dermatoloq vurğulayır ki, bu problemlərin əlamətləri bir-birinə bənzəyə bilər. Buna görə də soyulma uzun müddət davam edirsə, təkrarlanırsa, güclü qaşınma, qızartı və səpkilər yaranırsa, səbəbi dəqiqləşdirmək və uyğun müalicə seçmək üçün dermatoloqa müraciət etmək lazımdır.
Tərcümə: Könül Oruc