Qaraciyər insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan orqanlardan biridir. O, zülalların həzmi, öd istehsalı, toksinlərin zərərsizləşdirilməsi və qanın təmizlənməsi daxil olmaqla 500-dən çox funksiyanı yerinə yetirir. Bu səbəbdən qaraciyərin sağlamlığını qorumaq ümumi sağlamlığın əsas şərtlərindən biri hesab olunur.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bəzi içkilər bu həyati orqanın qorunmasına ciddi şəkildə kömək edə bilər.
Dünyada hər il təxminən 2 milyon insan qaraciyərlə bağlı xəstəliklərdən həyatını itirir. Bu, qlobal ölümlərin təxminən 4 faizinə uyğundur. Qaraciyər xəstəliklərinin qarşısını almaq üçün isə düzgün qidalanma və içki vərdişləri çox önəmlidir. Aşağıda qaraciyər üçün faydalı olduğu elmi araşdırmalarla sübut olunmuş dörd içkiyə yer verilib.
Qəhvə
Qəhvə qaraciyər üçün ən faydalı içkilərdən biridir. Araşdırmalara görə, gündə iki fincan qəhvə içmək alkoqolsuz yağlı qaraciyər xəstəliyi və qaraciyər fibrozuna tutulma riskini azalda bilər. Qəhvənin tərkibindəki antioksidant maddələr, xüsusilə də xlorogen turşusu, iltihabı azaldaraq qaraciyər hüceyrələrini qoruyur. Lakin şəkərli və qaymaqlı qəhvələrdən uzaq durmaq tövsiyə olunur. Kofeinsiz qəhvənin də bənzər təsirləri olduğu məlumdur.
Yaşıl çay
Yaşıl çay tərkibindəki katexin və polifenollar sayəsində güclü antioksidant təsirə malikdir. Bu maddələr qaraciyərdə yağ yığılmasının qarşısını alır və lipid balansını qorumağa kömək edir. Gündə 1-2 stəkan yaşıl çay içmək qaraciyəri oksidləşdirici stressdən qoruyur və ümumi detoks prosesinə dəstək verir.
Çuğundur suyu
Çuğundur suyu betalainlər və təbii nitratlar sayəsində qaraciyərin iltihab və oksidativ zərərlərlə mübarizəsinə kömək edir. 2019-cu ildə aparılan araşdırma göstərib ki, çuğundur suyu qaraciyərdəki iltihabı və toksinləri azaldır. Həftədə bir neçə dəfə təbii çuğundur suyu içmək qaraciyərin təmizlənməsinə müsbət təsir göstərir. Ancaq gündəlik istifadədə həddi aşmaq tövsiyə olunmur.
Qara və oolong çayı
Qara çay və oolong çayı da qaraciyər üçün faydalı içkilər sırasında yer alır. 2021-ci ildə aparılan bir araşdırmaya əsasən, bu çaylar qaraciyərin yağlanmasını və iltihabını azalda bilər, həmçinin bağırsaq mikrobiotasını dəstəkləyir. Gündə 2-3 stəkan şəkərsiz şəkildə bu çayların içilməsi məsləhət görülür. Həddindən artıq kofein istifadəsindən isə çəkinmək lazımdır.
Qaraciyərin sağlam qalması üçün təkcə qidalanma deyil, içki seçimi də böyük rol oynayır. Qəhvə, yaşıl çay, çuğundur suyu və qara çay kimi antioksidantlarla zəngin içkilər, şüurlu və müntəzəm şəkildə istehlak edildikdə qaraciyərin funksiyalarını gücləndirə və onu toksinlərdən qorumağa kömək edə bilər.
Tərcümə: Könül Oruc