Qidalanma
Qaraciyər sağlamlığı üçün
Qidalanma
9

Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida

Qaraciyər orqanizmin əsas filtrasiya orqanlarından biridir və hər gün toksinləri, dərman qalıqlarını və maddələr mübadiləsi nəticəsində yaranan tullantıları emal edir.

E-saglam.az xəbər verir ki,"Euroonco" federal ekspert onkologiya klinikaları şəbəkəsinin qastroenteroloqu, tibb elmləri namizədi Vladimir Loginov qaraciyəri "təmizləyən" qidalarla bağlı yayılan mifləri şərh edib və bu orqanın sağlamlığını dəstəklədiyi elmi araşdırmalarla təsdiqlənən qidaları sadalayıb.

Mütəxəssisin sözlərinə görə, qaraciyərin xüsusi "detoks" proqramlarına deyil, iltihabı azaldan, yağlanmanın qarşısını alan və qaraciyər hüceyrələrinin fəaliyyətini dəstəkləyən düzgün qidalanmaya ehtiyacı var.

Təbii qəhvə

Loginov bildirib ki, gündə 2–3 fincan şəkərsiz və qaymaqsız qəhvə (espresso və ya americano) qəbul etmək qaraciyər sirrozu və qaraciyər xərçəngi riskini azalda bilər. Qəhvənin tərkibindəki kofein və polifenollar qaraciyərin yağlanmasını azaltmağa kömək edir, həmçinin qaraciyər funksiyasını göstərən ALT və AST fermentlərinin səviyyəsinə müsbət təsir göstərir.

Yağlı balıqlar

Qızılbalıq, skumbriya və sardina kimi yağlı balıqlar omeqa-3 yağ turşuları ilə zəngindir. Bu maddələr iltihabı azaldır, insulinə həssaslığı yaxşılaşdırır və alkoqolsuz qaraciyər yağlanması riskinin azalmasına kömək edir.

Ənginar

Qastroenteroloqun sözlərinə görə, ənginarın həm özü, həm də ekstraktı qaraciyər üçün faydalıdır. Tərkibindəki sinarin və xlorogen turşusu öd ifrazını stimullaşdırır, antioksidant təsir göstərərək qaraciyər hüceyrələrini zədələnmədən qoruyur.

Zeytun yağı

Heyvan mənşəli yağların zeytun yağı ilə əvəz edilməsi qaraciyərdə piy yığılmasını azaltmağa kömək edə bilər. Zeytun yağının tərkibindəki tək doymamış yağ turşuları və hidroksitirozol qaraciyər sağlamlığını dəstəkləyir və yağlı qaraciyər xəstəliyi riskini azaldır.

Mütəxəssis vurğulayıb ki, qaraciyərin sağlam qalması üçün möcüzəvi "təmizləyici" vasitələrə deyil, balanslı qidalanmaya, sağlam həyat tərzinə və zərərli vərdişlərdən uzaq durmağa üstünlük verilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun