Qaraciyər piylənməsinin təbii yolla müalicəsi - "Müalicəni pəhrizdən başlamaq lazımdır. Xəstənin qida rasionundan ilk növbədə alkoqol çıxarılır, qəbul edilən dərman maddələrinin miqdarı minimuma endirilir".
Bu sözləri E-saglam.az-a açıqlamasında Həkim-fitoterapevt Dr. Elnur Eldaroğlu deyib.
O, bildirib ki, qida tam keyfiyyətli olmalı, yəni zülalların, karbohidratların və mineralların lazımi miqdarını saxlamalıdır: "Yağların qəbulu məhdudlaşdırılmalı, heyvani yağlar bitki yağları ilə əvəz olunmalı, lakin rasiondan tam çıxarılmamalıdır. Çünki yağlar ödqovucu təsirə malikdir, həmçinin bir çox vitaminlər (A, D, E, K) yağda həll olaraq sorulur".
Həkimin qeyd edib ki, xəstələr daha çox yarma sıyıqları, düyü, kartof, meyvə və tərəvəzlər, yağsız ət, balıq, yumurta, süd qəbul etməlidir: "Yeməkləri qızartmaq və ya yağda qızdırmaq olmaz, buxarda bişirilməyə üstünlük verilməlidir. Qidadan köp əmələgətirən məhsullar – noxud, paxlalılar, turp, xiyar, soğan, şirniyyat çıxarılmalıdır. Mayelərdən təzə dəmlənmiş açıq çay, süd, qatıq, meyvə və tərəvəz şirələri məsləhətdir".
Qaraciyərin bərpasını sürətləndirən bitki qarışığı
Hərəsindən 1 xörək qaşığı dazıotu otu, adi dağtərxunu çiçəkləri, boymadərən otu, aptek çobanyastığı çiçəkləri, atpıtrağı kökü, itburnu meyvəsi, adaçayı yarpağı, andız kökü, qurdpəncəsinin kökü və yatıqqanqal otu xırdalanıb qarışdırılır. Alınan yığıntıdan 1-2 xörək qaşığı 200 ml (1 stəkan) qaynar suda vam odda 30 dəq. dəmlənir, 10 dəqiqə otaq temperaturunda soyudulur və süzülür. Dəmləməyə qaynadılmış su qatılaraq həcmi 1 stəkana çatdırılır. Gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl yarım stəkan daxilə qəbul olunur.
Könül Oruc