
Qadın sağlamlığı üçün təbii möcüzə hesab edilən arı südü, Düzce Universiteti Arıçılıq Araşdırma, İnkişaf və Tətbiq Mərkəzinin (DAGEM) araşdırmalarına görə, reproduktiv hormonları tarazlaşdıraraq məhsuldarlığı dəstəkləyir.

E-saglam.az xəbər verir ki, DAGEM akademiklərinin iki illik tədqiqatı Düzce Universiteti Elmi Tədqiqat Layihələri Koordinatorluğu və Türkiyə Araşdırmalar Şurası (STÜTAİB) tərəfindən dəstəklənib. Laboratoriya mərhələsində aparılan eksperimental tədqiqatlar arı südünün qadın reproduktiv orqanının fiziki mühitini yaxşılaşdırdığını və hormonları (AMH, FSH, LH, estradiol, progesteron) tarazlaşdırdığını göstərib.
Arı məhsullarının insan sağlamlığına təsiri ilə bağlı uzunmüddətli araşdırmalar aparan universitet alimləri, xüsusilə apiterapiya və propolisin viruslara qarşı təsiri üzərində də tədqiqatlar aparırlar.
Araşdırmalara görə, arı südü məhsuldarlıq və reproduktiv sağlamlıq üçün müsbət təsir göstərsə də, hərtərəfli elmi dəlillər indiyədək yetərli deyildi. Son tədqiqatlar göstərdi ki, bu təbii məhsulun təsiri doza ilə əlaqəlidir və 100-200 milliqram arasında olan miqdar optimal hesab edilir.
Eksperimental tədqiqatlar dərman hazırlamaq üçün kifayət etməsə də, arı südü qida əlavəsi kimi tövsiyə edilir. Onun tibbi istifadəsi üçün daha uzunmüddətli araşdırmalara ehtiyac var.
Tərcümə: Könül Oruc