Reabilitasiya mütəxəssisi Kirill Antonov qaçışın sağlamlığa nə zaman zərər verə biləcəyini açıqlayıb.
E-saglam.az xəbər verir ki, Antonova görə, qaçış yüksək təsirli bir fəaliyyətdir və düzgün tətbiq edilmədikdə ciddi problemlərə yol aça bilər. Ən çox şikayət edilən nahiyələr dizlər, topuqlar, ayaqlar, belin aşağı hissəsi və baldır əzələləridir. Məsafənin qəfil artırılması, uyğun olmayan ayaqqabıda qaçmaq və isinmədən məşqə başlamaq zədə riskini əhəmiyyətli dərəcədə yüksəldir. Bərpaya kifayət qədər vaxt ayrılmadan həddindən artıq məşq etmək isə fayda əvəzinə xroniki yorğunluğa və motivasiya itkisinə səbəb ola bilər.
Həkim xüsusilə artıq çəkisi olan, oynaq və ya onurğa problemləri yaşayan insanların qaçışa başlayarkən ehtiyatlı olmasını tövsiyə edir. Ürək xəstəliyi olanlar və uzun müddət idmandan uzaq qalanlar da məşqə diqqətlə yanaşmalıdır. Qaçış zamanı ağrı, başgicəllənmə, nəfəs darlığı və ya sinədə narahatlıq hiss edilərsə, dərhal dayanmaq və həkimlə məsləhətləşmək lazımdır.
Yeni başlayanlar üçün isə mütəxəssis tam qaçışla deyil, sürətli gəzinti ilə yüngül qaçışı növbələşdirməyi, müddəti isə tədricən artırmağı məsləhət görür.
Tərcümə: Könül Oruc