Bu peşəni seçdiyim gündən bəri, mənim və mənim kimi bir çox həmkarımın tez-tez qarşılaşdığı ortaq bir problem var: psixoloq və psixiatr peşələrinin bir-biri ilə səhv salınması.
Bu sözləri E-saglam.az-a açıqlamasında mütəxəssis-həkim psixiatr Sevinc Ərəbli deyib.
O, bu yazıda həmin iki peşə arasındakı əsas fərqləri sadə və aydın dillə izah edib.
"Azərbaycanda psixoloq olmaq istəyən şəxs, müvafiq universitetlərdə (məsələn, BDU və s.) psixologiya ixtisası üzrə 4 illik bakalavr təhsili aldıqları halda psixoloq kimi fəaliyyət göstərə bilər. Əgər bu şəxs klinik sahədə çalışmaq istəyirsə, əlavə olaraq Azərbaycan Tibb Universitetində (və ya bəzi özəl universitetlərdə) klinik psixologiya üzrə 2 illik magistratura təhsili almalıdır. Elmi fəaliyyətlə məşğul olmaq istəyənlər isə təhsillərini doktorantura və daha yüksək pillələrdə davam etdirərək elmi dərəcələr əldə edə bilərlər.
Psixiatr olmaq üçün isə yol bir qədər daha uzundur. Bu sahəyə gəlmək üçün əvvəlcə 6 illik ümumi tibb təhsilini (Azərbaycanda ATU-da) başa vurmaq, daha sonra isə psixiatriya üzrə 3 illik rezidentura təhsili almaq tələb olunur. Rezidentura təhsili magistratura səviyyəsinə bərabər tutulur. Bu mərhələdən sonra da elmi fəaliyyət üçün doktoranturaya davam etmək mümkündür.
Qısaca desək:
-
Psixoloq – 4 il
-
Klinik psixoloq – 6 il
-
Psixiatr – 9 il
Bu peşə sahiblərindən yalnız psixiatr həkim statusuna malikdir və yalnız o, dərman təyin etmək səlahiyyətinə sahibdir.
Bəzən insanlar "psixoterapevt" adını eşidəndə çaşqınlıq keçirə bilər. Bu şəxs psixoloqdur, yoxsa psixiatr? Əslində, psixoterapevt – xüsusi psixoterapiya metodları (məsələn, Koqnitiv-Davranış Terapiyası (KDT), Psixodinamik Psixoterapiya, İnterpersonal Psixoterapiya və s.) üzrə ixtisaslaşmış psixoloq və ya psixiatr ola bilər.
Nəticə olaraq, psixoloq, klinik psixoloq və psixiatr – hər biri fərqli təhsil yollarından keçən və fərqli səlahiyyətlərə malik olan peşə sahibləridir. Onların hər biri öz sahəsində əhəmiyyətli və dəyərlidir. Cəmiyyət olaraq biz bu peşələrin fərqini düzgün bilməli və müvafiq vəziyyətə uyğun mütəxəssisə müraciət etməyi bacarmalıyıq".