Qidalanma
Psixiatr başqasının boşqabındakı yeməyin niyə
Qidalanma
8

Psixiatr başqasının boşqabındakı yeməyin niyə daha dadlı göründüyünü izah edib

Rusiyalı psixiatr və tədqiqatçı Valentin Skryabin başqasının boşqabından götürülən yeməyin niyə daha dadlı hiss olunduğunu araşdırıb. Onun sözlərinə görə, bu fenomen utanc, günahkarlıq hissi, "qadağan olunmuş meyvə" effekti və insanın təkamüldən gələn instinktləri ilə əlaqəli ola bilər.

E-saglam.az xəbər verir ki, alimin 120 könüllünün iştirakı ilə apardığı tədqiqatın nəticələri beynəlxalq Food Quality and Preference jurnalında dərc olunub.

Araşdırmada iştirakçılara dörd fərqli vəziyyətdə kartof qızartması təqdim edilib: öz aldıqları porsiya, hədiyyə edilən porsiya, paylaşmağa razı olan şəxsin porsiyası və istəməyən şəxsdən əldə edilən porsiya. Nəticələr göstərib ki, iştirakçılar ən az zövqü öz aldıqları kartof qızartmasından alıblar. Hədiyyə edilən porsiya daha dadlı qiymətləndirilib, ən yüksək qiyməti isə istəməyən şəxsdən "əldə olunan" kartof qızartması alıb.

Skryabinin fikrincə, bu nəticəyə iki əsas psixoloji amil təsir edir. Birincisi, məhdud və çətin əldə olunan resursların insan beynində daha dəyərli qəbul edilməsidir. İkincisi isə günahkarlıq və qadağan olunmuş bir şeyə nail olma hissinin paradoksal şəkildə yeməkdən alınan zövqü artırmasıdır. Alim qeyd edir ki, dad hissi yalnız qidanın xüsusiyyətləri ilə deyil, həm də emosiyalar, vəziyyət və beynin həmin an aldığı siqnallarla formalaşır.

Tədqiqatçı əlavə edib ki, burada "qadağan olunmuş meyvə daha şirindir" prinsipi də rol oynayır. Onun sözlərinə görə, bu davranışın kökləri insanın təkamül dövrünə gedib çıxır. Resurs uğrunda mübarizə və onu əldə etməyin yaratdığı həyəcan hissi yeməkdən alınan zövqü artıra bilər.

Skryabin bildirib ki, eyni davranışı ev heyvanlarında da müşahidə etmək mümkündür. Məsələn, pişiklər çox vaxt öz qabındakı yeməyə maraq göstərməsələr də, süfrədən oğurladıqları qidaya daha böyük həvəslə yanaşırlar. Bu da "ov etmək" və mükafat hissi arasındakı əlaqəni göstərən nümunələrdən biri hesab olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun