Uzun illər ürək sağlamlığına zərərli olduğu iddia edilən kərə yağı, son elmi araşdırmalara görə əksinə, ürək-damar sağlamlığını qoruyur və 2-ci tip şəkərli diabet riskini azaldır.
E-saglam.az xəbər verir ki, ABŞ-nin Boston Universitetinin alimləri tərəfindən aparılan uzunmüddətli araşdırma göstərib ki, gündə cəmi bir çay qaşığı (təxminən 5 qram) təbii kərə yağı qəbul etmək 2-ci tip diabet riskini 31% azaldır. Bu tip diabet ürək-damar xəstəliklərinin əsas səbəblərindən biri hesab olunur.
Araşdırmaya görə, kərə yağı həmçinin qanınızdakı faydalı xolesterolu (HDL) artırır, zərərli xolesterolu (LDL) isə azaldır. Bu da damarların tıxanma riskini və infarkt təhlükəsini azaldır.
Alimlər bildirirlər ki, illərdir sağlam alternativ kimi təqdim olunan margarinlər isə əslində ürək və damar problemlərini artırır. Marqarin istifadə edənlərdə diabetə və ürək problemlərinə tutulma riski əhəmiyyətli dərəcədə yüksək olub.
Təxminən 2.500 nəfəri əhatə edən araşdırmada iştirakçıların uzun illər ərzində nə yedikləri və sağlamlıqları izlənilib. Nəticələr Avropa Klinik Qidalanma Jurnalında yayımlanıb.
Bütün bu nəticələr Prof. Dr. Canan Karatayın illərdir müdafiə etdiyi fikirləri bir daha təsdiqləyir. O, dəfələrlə beyin və bədənin sağlam işləməsi üçün təbii heyvani yağların, xüsusilə də kənd kərə yağının faydalı olduğunu vurğulamışdı.
Bununla belə, mütəxəssislər xəbərdarlıq edir ki, yağların da normasında və balanslı şəkildə qəbul edilməsi vacibdir. Sağlamlıq üçün ölçünü aşmamaq və elmi əsaslara söykənmək hər zaman ən doğru yanaşmadır.
Tərcümə: Könül Oruc