Yandex watch
Plastik əməliyyat etdirmək istəyənlərin

Sosial media platformaları – xüsusilə Instagram və TikTok – bu gün gözəllik anlayışını əsaslı şəkildə dəyişib. Filtrlərlə redaktə olunmuş şəkillər və daim qarşılaşılan “mükəmməl görünüş” standartları bir çox insanı bu ideal görünüşə çatmaq üçün plastik cərrahiyyəyə üz tutmağa vadar edir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, plastik, rekonstruktiv və estetik cərrahiyyə mütəxəssisi Dr. Nihal Üstün bildirir ki, getdikcə daha çox insan şəkillərindəki redaktələri real həyatda da əldə etmək istəyir. Bu vəziyyət “Snapchat dismorfiyası” kimi tanınan psixoloji fenomenlə əlaqələndirilir. Bu fenomen insanın redaktə edilmiş selfilərindən razı qalmaması və eyni görünüşü reallıqda da istəməsi ilə xarakterizə olunur. Lakin bu istək bəzən mümkün olmayan gözləntilərlə nəticələnir və sonradan psixoloji və fiziki problemlərə yol aça bilər.

Dr. Üstün xüsusilə sosial mediada tanınmış şəxslərin estetik prosedurları açıq şəkildə paylaşmasının, gənc nəsil üzərində təsirinin artdığını vurğulayır. Onun fikrincə, estetik əməliyyatlar artıq adi bir proses kimi qəbul edilir və bu da ciddi səhvlərə səbəb ola bilir.

Ən çox rast gəlinən 5 səhv

Yalnız sosial media əsasında cərrah seçmək

Dr. Üstün qeyd edir ki, sosial media həkim haqqında ilkin fikir formalaşdırmaq üçün faydalı ola bilər, lakin bu, qərar vermək üçün kifayət deyil. “Həkimin təhsili, ixtisaslaşması, təcrübəsi və pasiyent razılığı ön planda tutulmalıdır. Əks təqdirdə, ciddi tibbi və estetik problemlərlə qarşılaşmaq mümkündür.”

Filtrlənmiş fotolara əsaslanaraq qeyri-real gözləntilər formalaşdırmaq

Xəstələrin çoxu estetik cərrahiyyə üçün müraciət edərkən, rəqəmsal olaraq dəyişdirilmiş şəkillərlə gəlir. Lakin bu fotolar tez-tez fiziki olaraq mümkün olmayan nisbətlərə malik olur. Estetik əməliyyatlar yalnız insanın təbii görünüşünü təkmilləşdirmək məqsədi daşımalıdır.

Mümkün riskləri və fəsadları nəzərə almamaq

Estetik prosedurların hər biri risk daşıyır. Sosial mediada yalnız uğurlu nəticələrin paylaşılması, bəzi insanlarda əməliyyatların sadə olduğu təəssüratı yaradır. Lakin risklər və ağırlaşmalar haqqında ətraflı məlumat almaq və onları nəzərə almaq vacibdir.

Sadəcə dəbdə olduğu üçün əməliyyat etdirmək

Populyar əməliyyatlara kor-koranə yönəlmək düzgün deyil. Hər bir insanın bədən quruluşu və ehtiyacları fərqlidir. Ona görə də əməliyyat qərarı fərdi şəkildə, mütəxəssislə məsləhətləşərək verilməlidir.

Əməliyyatdan sonrakı bərpa mərhələsini nəzərə almamaq

Əməliyyat prosesi yalnız cərrahi müdaxilə ilə bitmir. Sağalma dövrü, qulluq və təqib müayinələri nəticənin uğurlu olmasında əsas rol oynayır. Bu mərhələyə laqeyd yanaşmaq arzuolunmaz nəticələrə səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az