Rusiyalı qastroenteroloq Yevgeni Belousov bildirir ki, sağlamlığa zərər vermədən gündəlik 30-50 qram pendir istehlakı kifayətdir.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, bu miqdar kalsium və zülal ehtiyacını ödəməklə yanaşı, artıq çəki almadan və sağlamlıq problemlərinə yol vermədən qidalanmanı təmin edir.
Artıq miqdarın təsirləri
Belousov xəbərdarlıq edir ki, gündə 100 qramdan çox pendir istehlakı əlavə çəki artımı riskini artırır. Bu isə ürək, qan damarları və böyrəklərlə bağlı xəstəlikləri olan insanlarda vəziyyəti ağırlaşdıra bilər. Yüksək kalorili qidalar bu xəstəliklərin inkişafını sürətləndirə bilər.
Ən faydalı pendir növləri
Həkimə görə, bərk və yarımbərk növlər, məsələn, parmezan və qryuyer, ən faydalı pendirlər hesab olunur. Bu pendirlər yüksək keyfiyyətli protein və sağlam sümüklər, dişlər üçün vacib olan kalsiumla zəngindir. Eyni zamanda, yumşaq pendirlərlə müqayisədə daha az kalorili olduqları üçün daha sağlam seçimdirlər.
Belə ki, gündəlik pendir istehlakında balansı qorumaq, sağlamlıq problemlərindən uzaq qalmaq və qidalanmanı zənginləşdirmək üçün vacibdir. Mütəmadi olaraq porsiya ölçüsünə diqqət yetirmək tövsiyə olunur.
Tərcümə: Könül Oruc