Payız aylarında kəskin respirator virus infeksiyalarının yayılması artır.
E-saglam.az xəbər verir ki, həkim İrina Çekmareva bunun yalnız “immunitetin zəifləməsi” ilə bağlı olmadığını, hava şəraiti, insanların daha çox qapalı məkanlarda vaxt keçirməsi və virusların yayılma xüsusiyyətləri kimi amillərin də rol oynadığını bildirib.
Mütəxəssisin sözlərinə görə, soyuq və quru hava bəzi respirator virusların ətraf mühitdə daha uzun müddət qalmasına şərait yarada bilər. Məktəblərin və ofislərin fəaliyyətinin intensivləşməsi, ictimai nəqliyyatdan daha çox istifadə edilməsi də yoluxma riskini artıra bilər. Yuxu çatışmazlığı da orqanizmin infeksiyalara qarşı müdafiəsinə mənfi təsir göstərə bilər.
Həkim payızda yoluxma riskini azaltmaq üçün dörd əsas tədbiri vurğulayıb. Bunlardan birincisi vaksinasiyadır. Xüsusilə mövsümi qripə qarşı peyvənd xəstəliyin və onun ağırlaşmalarının qarşısının alınmasına kömək edə bilər. Peyvəndin vaxtı və kimlər üçün tövsiyə edilməsi fərdi vəziyyətdən və mövcud səhiyyə tövsiyələrindən asılıdır.
İkinci vacib qayda əllərin mütəmadi yuyulmasıdır. Əlləri sabun və su ilə ən azı 20 saniyə yumaq, xüsusilə ictimai yerlərdən gəldikdən sonra və yeməkdən əvvəl vacibdir. Əlləri yumadan gözlərə, buruna və ağıza toxunmamaq da yoluxma riskinin azalmasına kömək edə bilər.
Üçüncü tədbir qapalı məkanların havalandırılmasıdır. Pəncərələri mütəmadi açmaq və otaqlarda təmiz hava dövranını təmin etmək havada virus hissəciklərinin konsentrasiyasını azaltmağa kömək edə bilər. Dördüncü qayda isə xəstələndikdə evdə qalmaqdır. Qızdırma, öskürək və digər respirator simptomlar olduqda işə və ya məktəbə getməmək virusun başqalarına yayılmasının qarşısını almağa kömək edir.
Mütəxəssis həmçinin “immuniteti gücləndirdiyi” iddia edilən vasitələrə ehtiyatla yanaşmağı tövsiyə edir. C vitamini, sarımsaq, limon və müxtəlif immunostimulyatorların respirator infeksiyaların qarşısını almasına dair inandırıcı sübutlar məhduddur. D vitamini isə əsasən çatışmazlıq olduqda əhəmiyyət daşıyır və onun qəbulu həkim məsləhəti ilə müəyyən edilməlidir.
Qızdırma uzun müddət davam edərsə, nəfəs almaqda çətinlik, sinə ağrısı yaranarsa və ya vəziyyət yaxşılaşdıqdan sonra yenidən pisləşərsə, həkimə müraciət etmək lazımdır.
Tərcümə: Könül Oruc