Son zamanlar cəmiyyətdə insanlar arasında aqressiyanın artdığı müşahidə olunur. Nəqliyyat vasitəsində əlbəyaxa dalaşan kim, kobud ifadələr səsləndirən kim, küçədə adi bir şey üstündə bir-birini təhqir edən kim və s. Bəs görəsən bu problemin başlıca səbəbləri nələrdir?
E-saglam.az-a danışan psixoloq Könül Telmanqızı bildirdi ki, aqressiya ilk öncə kin-küdurət, qəzəb, nifrət kimi əlamətlərdən doğur: “İnsanın uşaqlıqdan yaşadığı hər hansı bir qəzəbi, nifrəti aşa bilməməsi, bunu daxili aləmində yaşatması və müəyyən yaşa kimi gəlməsi ona çox pis təsir edir və baş verən müəyyən bir hadisədən qıcıqlanmağa başlayır. Və bu qıcıqlar insanda yığışaraq partlayış həddinə gəlib çıxır. Bu məsələdə insanlar arasında fərqlər var. İnsan var ki, aqressiyasını sərt şəkildə - vurmaqla, döyməklə, sındırmaqla göstərir. İnsan da var ki, kinini tökməklə, qarşısındakı insana nalayiq və təhqiredici ifadələr işlətməklə büruzə verir. Ona görə də aqressiyanın göstəriş forması insandan-insana dəyişir”.
K. Telmanqızının sözlərinə görə, hazırda insanlarda aqressiya artır: “İnsanlar sanki dava etməyə hazır vəziyyətdə durublar. Çünki insanlar beyinlərində yaşadıqları gərginlikləri sosial mühitə çıxarırlar. İnsanlar daxillərində olan aqressiyanı sosial mühitdə, nəqliyyat vasitəsində yaxud küçədə rastlaşdığı insana ötürməyə başlayırlar. Ona görə də cəmiyyətdə insanların bir-birinə qarşı reaksiyaları sərt şəkildə olur. Belə ki, insan evdə yaşadığı gərginliyi çöldə sosial mühitə aparır və beynində, şüuraltında yaşatdığı gərginliklər partlayış formasında hər hansı bir nöqtədə baş verir”.
Psixoloq onu da qeyd etdi ki, içki düşkünü, hər hansı bir maddədən istifadə edən insanlar bunu daha çox içki ilə bağlayacaq: “Əgər bu insanın daxilində aqressiyası varsa, zərərli vərdişlərin istifadəsindən sonra bu gərginlik şiddətli şəkildə artmağa başlayır. Təhlükənin başlanğıc siqnalı baş qaldırır. Aqressiyanın insanı çatdırdığı pik nöqtə daxilindəki nifrət və qəzəbini gizlədə bilməməyi səbəbindən hər hansı bir təhlükə yaratması ola bilər. Misal üçün, özünü idarə edə bilməz, yaxud qarşısındakı insana zərbələri zərər yetirə bilər. Və ya evin içində sındırmaqla, dağıtmaqla hər hansı təhlükəyə əl ata bilər”.
K. Telmanqızı məsləhət görür ki, həmin insanlar daxillərində olan mübarizəyə özləri qalib gələ bilmədikləri zaman mütəxəssislərə müraciət etsinlər: “İlk öncə əsəb sistemlərini normaya salmaq üçün müalicələr, kurslar götürsünlər. Daha sonra isə psixoloqlarla işləsinlər ”.
Psixoloq vurğuladı ki, insan daxilində olan aqressiyanı azaltmaq üçün şüuraltını lazımsız məlumatlarla doldurmamalıdır: “Çünki beyni bu cür məlumatlarla doldurduqca insanda gərginlik başlayır. Bununla yanaşı insan özünü heç vaxt kiminləsə müqayisə etməməlidir. Özünə bir seçim etməli və bunun üzərində bir yol getməlidir. İnsanlar həmişə seçim qarşısında olan zaman gərginləşir və bu da onlarda daha kəskin aqressivləşməyə gətirib çıxarır”.
K. Telmanqızı əlavə etdi ki, hətta, aqressiyanın başlıca səbəbi insanın daxilində olan paxıllıqdan başlanır: “İnsanın daxilində olan paxıllıq hissi onu hər hansı bir qəzəbə doğru aparır və bu qəzəb də insanı aqressiyaya gətirib çıxarır. Ona görə də insanlar daxillərində, ruhlarında onları incidən, zədələyən paxıllıq hisslərindən uzaq olmalıdırlar ki, həyatdakı gözəllikləri görə bilsinlər. Bu gözəllikləri gördükcə də, daxillərində olan və gərginliyə aparan aqressiyaya da qalib gələcəklər ”.
Könül Oruc