Tibbi xəbərlər
117 yaşlı qadının DNT-sində
Tibbi xəbərlər
307

117 yaşlı qadının DNT-sində gənclik sirri aşkar edildi

Alimlər 2024-cü ildə 117 yaşında vəfat edən və dünyanın ən yaşlı insanı kimi tanınan Maria Branyasın genetik xəritəsini araşdıraraq qocalmaya qarşı dayanıqlı nadir bir genetik quruluş aşkar ediblər.

E-saglam.az xəbər verir ki, tədqiqat nəticələrinə görə, Branyasın bioloji yaşı xronoloji yaşından xeyli gənc olub və orqanizmi onilliklər boyu “cavan” kimi fəaliyyət göstərib.

İspaniyada Josep Carreras Leykemiya Tədqiqat İnstitutu tərəfindən aparılan araşdırmada Branyasın qan, tüpürcək və sidik nümunələri təhlil edilib. Nəticələr göstərib ki, onun immun sistemi, ürək-damar sağlamlığı və bağırsaq mikrobiomu xeyli gənc insanlarla müqayisə edilə biləcək səviyyədə olub. Xüsusilə aşağı iltihab göstəriciləri və sağlam damar quruluşu diqqət çəkib.

Alimlər Branyasın uzunömürlülüyündə Aralıq dənizi pəhrizi, fiziki aktivlik və sosial cəhətdən fəal həyat tərzinin mühüm rol oynadığını qeyd etsələr də, əsas fərqin immun sistemi və beyin funksiyalarını qoruyan nadir genetik variantlarla bağlı olduğu qənaətinə gəliblər.

Tədqiqatın ən maraqlı məqamlarından biri telomerlərlə bağlı olub. Adətən yaş artdıqca qısalan bu xromosom ucları Branyasda fərqli şəkildə müşahidə edilib. Mütəxəssislər hesab edirlər ki, bu vəziyyət hüceyrələrin nəzarətsiz çoxalmasının qarşısını alaraq xərçəng riskini azaltmış ola bilər.

Alimlər bu nadir genetik xüsusiyyətin sağlam qocalma və insan ömrünün uzadılması ilə bağlı yeni elmi yanaşmalar üçün mühüm ipucları verdiyini bildirirlər. Bu tapıntılar sübut edir ki, irəli yaş mütləq zəif sağlamlıq demək deyil.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun