Tibbi xəbərlər
Alzheimerdən qorunmaq üçün gündəlik həyatda
Tibbi xəbərlər
237

Alzheimerdən qorunmaq üçün gündəlik həyatda edə biləcəkləriniz

Tədqiqatlar göstərir ki, Alzheimer xəstəliyinin təxminən 45 faizinin qarşısını almaq mümkündür. Bu isə o deməkdir ki, düzgün həyat tərzi və vaxtında görülən tədbirlərlə idrak qabiliyyətlərini qorumaq olar.

E-saglam.az xəbər verir ki, mütəxəssislər vurğulayırlar ki, xəstəliyin tam qarşısını almaq mümkün olmasa da, risk əhəmiyyətli dərəcədə azaldıla bilər.

Statistikaya görə, dünyada hər 6 saniyədə bir nəfərə Alzheimer diaqnozu qoyulur. Xəstəlik yaddaşın, düşünmə və öyrənmə qabiliyyətinin zəifləməsinə səbəb olur. Yaş və genetika kimi dəyişdirilə bilməyən risk faktorları olsa da, həyat tərzi ilə bağlı bir çox amillər insanın öz nəzarətindədir.

Nevrologiya üzrə mütəxəssis professor Dr. Kaynak Seleklerin sözlərinə görə, ömür boyu öyrənmək beynin aktiv qalmasına kömək edir. Oxumaq, səyahət etmək, yeni mövzular öyrənmək və zehni fəaliyyətlər Alzheimerin gecikməsinə müsbət təsir göstərə bilər.

Mütəmadi yuxu da mühüm rol oynayır. Gündə 7–8 saat keyfiyyətli yuxu beyində zərərli amiloid lövhələrinin yaranma riskini azaldır. Eyni zamanda, yüksək xolesterol və yüksək qan təzyiqi nəzarətdə saxlanılmalıdır, çünki bu hallar beyin qan dövranına mənfi təsir göstərir.

Eşitmə və görmə problemlərinin vaxtında aşkar edilməsi də vacibdir. Bu problemlər sosial təcridə və zehni stimullaşmanın azalmasına səbəb ola bilər. Həkimlər 40 yaşdan sonra müntəzəm göz və eşitmə müayinələrini tövsiyə edirlər.

Gündəlik gəzinti və yüngül fiziki aktivlik beyin hüceyrələrinin qorunmasına kömək edir. Diabetin nəzarətdə saxlanılması, sağlam qidalanma, şəkər və təmizlənmiş karbohidratların azaldılması da Alzheimer riskini aşağı salan əsas amillər sırasındadır.

Mütəxəssislər siqaret və spirtli içkilərdən uzaq durmağı, çəkinin nəzarətdə saxlanılmasını və baş zədələrindən qorunmağı da xüsusi olaraq vurğulayırlar. Kiçik, lakin davamlı dəyişikliklər uzunmüddətli perspektivdə beyin sağlamlığı üçün böyük fərq yarada bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun