Soyuq havaların başlaması ilə immunitet sisteminin gücləndirilməsi hər zamankından daha vacib hala gəlir.
E-saglam.az xəbər verir ki, terapevt Svetlana Burnatskaya hansı qış qidalarının bədənin viruslarla mübarizəsində ən təsirli olduğu və nə üçün olduğu barədə danışıb.
Ekspertin sözlərinə görə, immun sisteminin güclənməsində antioksidanlar, polifenollar, vitaminlər və bioloji aktiv maddələrlə zəngin qidalar əsas rol oynayır. Həkim bu təsiri olan yeddi əsas qida qrupunu ön plana çəkib.
Sitrus meyvələri, o cümlədən portağal, qreyfrut və limon C vitamini ilə zəngindir. Bu vitamin leykositlərin aktivliyini artırır və interferon sintezini stimullaşdıraraq orqanizmin infeksiyalara cavab reaksiyasını gücləndirir.
Canlı kulturalarla hazırlanan turşu kələm, kefir və qatıq probiotik təsir göstərir. Bu məhsullar immunitetin böyük hissəsinin formalaşdığı bağırsaq mikrobiomunun balansını qorumağa kömək edir.
Sarımsaq və soğan tərkibindəki allisin və flavonoidlər sayəsində antiviral və antibakterial xüsusiyyətlərə malikdir. Bu maddələr orqanizmin müdafiə mexanizmlərini dəstəkləyir.
Tünd rəngli giləmeyvələr, o cümlədən zoğal, lingonberry və qaragilə dondurulmuş halda belə faydasını saxlayır. Onlar iltihabəleyhinə təsir göstərən antosiyaninlərlə zəngindir.
Qoz və badam kimi qoz-fındıq növləri E vitamini və sinklə təmin edir. Bu mikroelementlər T-limfositlərin normal fəaliyyəti üçün vacib hesab olunur.
Göbələklər, xüsusilə şampinon, reişi və şiitake növləri beta-qlükanlar ehtiva edir. Bu maddələr makrofaqların və təbii qoruyucu hüceyrələrin fəaliyyətini stimullaşdırır.
İspanaq və kələm kimi tünd yaşıl göyərtilər isə fol turşusu, dəmir və A vitamini ilə zəngindir və ümumi immun balansın qorunmasına töhfə verir.
Mütəxəssis Svetlana Burnatskaya vurğulayır ki, bu qidalar virusları birbaşa məhv etmir. Lakin onlar immun reaksiyasını optimallaşdırır, xroniki iltihabı azaldır, selikli qişa baryerlərini qoruyur və hüceyrə siqnalını yaxşılaşdıraraq orqanizmi infeksiyalara qarşı daha davamlı edir.
Tərcümə: Könül Oruc