Yeni elmi tədqiqat tünd şokoladın tərkibində olan teobromin adlı maddənin qocalma prosesini yavaşlada biləcəyini göstərir.
E-saglam.az xəbər verir ki, “Aging” jurnalında dərc olunan araşdırmaya görə, kakao paxlalarından alınan bu bitki mənşəli birləşmə bioloji qocalma ilə əlaqəli göstəricilərlə müsbət şəkildə əlaqələndirilir.
London Kral Kollecinin epigenomika tədqiqat qrupunun rəhbəri Jordana Bell bildirib ki, araşdırmanın nəticələri tünd şokoladın əsas komponentlərindən birinin daha gənc bioloji yaşla əlaqəli ola biləcəyini ortaya qoyur. Onun sözlərinə görə, bu nəticələr insanlara daha çox şokolad yeməyi tövsiyə etmək üçün deyil, gündəlik qidaların uzunömürlülüklə necə əlaqəli ola biləcəyini anlamaq üçündür.
Tədqiqat çərçivəsində Böyük Britaniyadan 509, Almaniyadan isə 1160 nəfərin məlumatları analiz edilib. Qanında teobromin səviyyəsi yüksək olan iştirakçıların bioloji yaşlarının xronoloji yaşlarından daha gənc olduğu müəyyən edilib.
Bioloji yaş insanın bədəninin real sağlamlıq vəziyyətini əks etdirir və DNT metilləşməsi kimi hüceyrə səviyyəli göstəricilər əsasında hesablanır. Araşdırmada həmçinin telomerlərin uzunluğu da qiymətləndirilib. Daha uzun telomerlər daha gec qocalma və yaşla bağlı xəstəlik riskinin aşağı olması ilə əlaqələndirilir.
Alimlər qeyd edirlər ki, tünd şokolad daha əvvəl də ürək sağlamlığı ilə bağlı faydaları ilə gündəmə gəlib. Bununla belə, teobrominin qocalma prosesinə real təsirini tam anlamaq üçün əlavə tədqiqatlara ehtiyac var.
Oksford Universitetinin dosenti Dimitrios Koutoukidis isə xəbərdarlıq edib ki, şokoladın tərkibindəki şəkər və yağ miqdarı nəzərə alınmalıdır. Onun fikrincə, tünd şokolad az miqdarda və vaxtaşırı istehlak edildikdə daha uyğun seçimdir.
Tərcümə: Könül Oruc