Qidalanma
Toyuğu belə bişirdikdə
Qidalanma
93

Toyuğu belə bişirdikdə zəhər saçır

Mütəxəssislərə görə, toyuq ətinin az bişirilməsi və ya düzgün hazırlanmaması Salmonella kimi təhlükəli bakteriyaların yaşamasına imkan verir. Xarici görünüşün bişmiş görünməsi kifayət deyil. Düzgün temperatura çatmamış toyuq ciddi zəhərlənmə riski daşıyır.

E-saglam.az xəbər verir ki, toyuq əti dünyada ən çox istehlak edilən heyvan mənşəli zülal mənbələrindən biridir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, səhv bişirmə üsulları ciddi sağlamlıq risklərinə, xüsusilə də qida zəhərlənməsinə səbəb ola bilər.

Çiy və ya kifayət qədər bişirilməmiş toyuq Salmonella və Campylobacter kimi təhlükəli bakteriyalar daşıya bilər. Bu bakteriyalar yalnız yüksək istilikdə məhv olur. Toyuğun üzərinin bişmiş görünməsi onun tam təhlükəsiz olduğu anlamına gəlmir, çünki iç hissə çiy qala bilər.

Qida təhlükəsizliyi üzrə mütəxəssis Dr. Benjamin Çapman bildirir ki, toyuqdakı bakteriyalar gözlə görünmür və ətin rəngi, şirəliliyi və ya dadı təhlükəsizliyə zəmanət vermir. Toyuğun təhlükəsiz olub-olmadığını müəyyən etməyin yeganə etibarlı yolu onun daxili temperaturunun kifayət qədər yüksəlməsidir.

Mütəxəssislərin fikrincə, ən çox edilən səhvlərdən biri toyuğun şirəli qalması üçün az bişirilməsidir. Ətin istənilən hissəsində çəhrayı rəng qalması bakteriyaların hələ də canlı ola biləcəyini göstərir. Mikrodalğalı sobada bişirmə də risklidir, çünki bu üsul qidanı bərabər qızdırmır və bəzi hissələr çiy qala bilər.

Toyuğu limon, sirkə və ya souslarda qısa müddət marinad etməyin onu “bişmiş” hala gətirdiyi düşüncəsi də yanlışdır. Mütəxəssislər bildirir ki, turşu marinadlar bakteriyaları məhv etmir, yalnız dad verir.

Toyuğun təhlükəsiz bişirilməsi üçün daxili temperaturun ən azı 75 dərəcə olması vacibdir. Bunun üçün mətbəx termometrindən istifadə etmək tövsiyə olunur və döş, bud, ayaq daxil olmaqla bütün hissələrin bu temperatura çatdığı yoxlanılmalıdır.

Bundan əlavə, toyuğu bişirməzdən əvvəl yumaq məsləhət görülmür, çünki sıçrayan su bakteriyaların mətbəx səthlərinə və digər qidalara yayılmasına səbəb ola bilər. Çiy toyuqla təmasda olan bıçaq, doğrama taxtası və digər alətlər isə dərhal yuyulmalı və başqa qidalar üçün istifadə edilməməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun