Psixologiya
İnsan zehni niyə mənfiyə fokuslanır və
Psixologiya
69

İnsan zehni niyə mənfiyə fokuslanır və bunu necə tarazlamaq olar?

Psixologiya və nevrologiya sahəsində aparılan tədqiqatlar göstərir ki, insan beyni mənfi stimullara müsbət olanlardan daha güclü reaksiya verir.

E-saglam.az xəbər verir ki, “Mənfilik qərəzi” adlanan bu xüsusiyyət tənqidlərin, təhlükələrin və risklərin zehində daha uzun müddət qalmasına səbəb olur.

Svartmor Kollecinin dosenti Ketrin Norrisin sözlərinə görə, bu meyl insanın sağ qalma instinkti ilə bağlı təkamül mirasıdır. Beyin potensial təhlükələri faydalı imkanlardan daha tez tanıyır və onlara qarşı daha güclü reaksiya verir. Kaliforniya Universitetinin Devis kampusundan psixologiya professoru Alison Ledcervud da bildirir ki, təhlükəyə fokuslanmaq keçmişdə həyati üstünlük yaradıb.

Mütəxəssislər qeyd edirlər ki, bu gün təhlükələrin forması dəyişsə də, beynin reaksiyası eyni qalıb. Keçmişdə fiziki risklər ön planda idisə, müasir dövrdə işsizlik, sağlamlıq problemləri və iqtisadi qeyri-müəyyənliklər beyin tərəfindən oxşar təhlükə kimi qəbul edilir və stress yaradır.

Beyin görüntüləmə üsulları mənfi məlumatların beyində daha güclü aktivlik yaratdığını göstərir. Müsbət təcrübələr zamanla zəifləyə bildiyi halda, mənfi xatirələr aylarla, bəzən isə daha uzun müddət zehində qala bilir. Bununla belə, araşdırmalar göstərir ki, bu meyl hər insanda eyni səviyyədə olmur.

Mütəxəssislər vurğulayırlar ki, mənfi emosiyalar tamamilə zərərli deyil. Onlar problemləri tanımağa və həll yolları axtarmağa kömək edə bilər. Ancaq bu meyl həddindən artıq olduqda narahatlıq və stress pozğunluqları riski artır.

Araşdırmalara əsasən, mənfi düşüncələri tamamilə boğmağa çalışmaq effektli deyil. Bunun əvəzinə diqqəti şüurlu şəkildə müsbət təcrübələrə yönəltmək, minnətdarlıq vərdişləri formalaşdırmaq və sosial əlaqələri gücləndirmək zehni tarazlığı qorumağa kömək edir. Mütəxəssislər bildirirlər ki, mənfi emosiyaların fərqində olmaq, lakin onların içində ilişib qalmamaq psixoloji sağlamlıq üçün ən doğru yanaşmadır. 

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun