Qış aylarında uşaqlarda tez-tez rast gəlinən öskürək valideynləri daha çox təbii üsullara yönəldir. Ancaq mütəxəssislər xəbərdarlıq edirlər ki, bitki çaylarının və evdə hazırlanan qarışıqların nəzarətsiz istifadəsi ciddi sağlamlıq problemlərinə yol aça bilər.
E-saglam.az xəbər verir ki, pediatr Gülnar Kərimova bildirir ki, uşaqlarda öskürəyin əsas səbəbi adətən viral yuxarı tənəffüs yolu infeksiyalarıdır. Əksər hallarda kifayət qədər maye qəbulu və istirahət sağalma prosesini sürətləndirir. Nəfəs darlığı, dodaqların ətrafında göyərmə, yüksək qızdırma, ümumi vəziyyətin pisləşməsi, qanlı və ya qatı bəlğəm, körpələrdə qidalanma çətinliyi kimi hallarda isə dərhal həkimə müraciət edilməlidir.
Həkim sosial mediada paylaşılan “təbii müalicə” tövsiyələrinin valideynləri çaşdıra biləcəyini və həkimə müraciəti gecikdirə biləcəyini qeyd edir. Simptomların şiddəti və müddətindən asılı olaraq mütləq səhiyyə mütəxəssisinə müraciət olunması tövsiyə edilir.
Öskürək zamanı bal və bitki çaylarından istifadə edərkən xüsusi diqqət tələb olunur. Dr. Kərimova 1 yaşdan kiçik uşaqlara bal verilməsinin botulizm riski yaratdığını, daha böyük uşaqlarda isə balın yalnız məhdud miqdarda və qısa müddət istifadə edilməli olduğunu bildirir. Bitki çaylarının isə allergiya, həzm pozuntuları və dərmanlarla qarşılıqlı təsir riski daşıdığını vurğulayır. Xüsusilə 2 yaşdan kiçik uşaqlarda və xroniki xəstəliyi olanlarda bu məhsullar həkim məsləhəti olmadan verilməməlidir.
Mütəxəssis valideynlərin tez-tez yol verdiyi səhvlər arasında 1 yaşdan kiçik uşaqlara bal verilməsini, reseptsiz öskürək dərmanlarının istifadəsini, lazımsız antibiotik müalicəsini və eyni anda bir neçə bitki qarışığının verilməsini göstərir.
Dr. Kərimova vurğulayır ki, uşaqlarda immuniteti gücləndirməyin ən təhlükəsiz yolu kifayət qədər yuxu, balanslı qidalanma, gigiyena qaydalarına əməl etmək və peyvəndlərdir. Onun sözlərinə görə, immuniteti möhkəmləndirən sehrli qarışıq yoxdur, sağlam həyat tərzi həm xəstəlikdən qorunmada, həm də sağalmada əsas rol oynayır.
Tərcümə: Könül Oruc