İşdə, məktəbdə və ya evdə oturarkən bir çox insan fərqinə varmadan ayaqlarını silkələyir. Əksər hallarda bu hərəkət “narahatlıq əlaməti” kimi qiymətləndirilsə də, mütəxəssislər bunun bədənin özünü tənzimləmə mexanizmi olduğunu bildirirlər.
E-saglam.az xəbər verir ki, araşdırmalar göstərir ki, ayaqları silkələmək stress səviyyəsini azaltmağa və zehni performansı yaxşılaşdırmağa kömək edə bilər. Tədqiqatçılar bu cür ritmik hərəkətlərin yaddaş testlərində daha yaxşı nəticələrə səbəb olduğunu qeyd edirlər. Bunun əsas səbəbi stress hormonu olan kortizolun səviyyəsinin azalması ilə izah olunur.
Mütəxəssislərin fikrincə, ayaq titrəməsi bədənin gərginliyi azaltmaq üçün verdiyi təbii reaksiyadır. Stress və ya təzyiq altında sinir sistemi tarazlığı bərpa etmək üçün bədəni hərəkətə sövq edir. Bu hal hər zaman narahatlıqla bağlı olmur, bəzən isə beynin əlavə stimullaşdırmaya ehtiyac duymasının göstəricisi olur.
Xüsusilə günün böyük hissəsini hərəkətsiz keçirən insanlar üçün ayaqları silkələmək “artıq enerjini” boşaltmağın bir yolu hesab edilir. Ofis mühitində və ya evdə uzun müddət oturmaq bədənin fiziki aktivlik ehtiyacını artırır və bu ehtiyac kiçik, şüursuz hərəkətlərlə özünü göstərə bilər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu hərəkəti zorla dayandırmaq bəzi hallarda narahatlıq hissini artıra bilər. Bunun qarşısını almaq üçün gün ərzində qısa gəzintilər etmək, yüngül fiziki hərəkətlərlə bədənin enerji balansını qorumaq tövsiyə olunur.
Tərcümə: Könül Oruc