Qida Təhlükəsizliyi Agentliyinin Avropa İttifaqının "Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi" vasitəsilə əldə etdiyi məlumata əsasən, Çin istehsalı olan bəzi fincanlarda kadmium və qurğuşun kimi ağır metalların miqrasiyası aşkar edilib.
E-saglam.az xəbər verir ki, mütəxəssislər tərkibində ağır metal aşkarlanan məhsulların insan sağlamlığı üçün təhlükəli olduğunu bildirirlər. Onları adi gözlə müəyyən etmək isə mümkün deyil.
"Bu metalların zərəri dərhal deyil, zamanla orqanizmdə toplanaraq daxili orqanlara, xüsusilə qaraciyər və böyrəklərə mənfi təsir göstərir, hormonal balansı pozur. Onlar azyaşlı uşaqlarda, yaşlılarda, immun sistemi zəif olan insanlarda, hamilə və süd verən qadınlarda daha ciddi fəsadlar törədə bilər", - deyə qida mütəxəssisi Məhsəti Hüseynova bildirib.
M.Hüseynova əlavə edib ki, keyfiyyət sertifikatı olan, içi boyalı olmayan, şüşə və ya saxsı materialdan hazırlanmış məhsullara üstünlük verilməlidir. Qızılı və ya parlaq rəngli bəzəkləri olan fincanlar isə şübhəli sayılır.
Hüquqşünas Vüsal Cəfərovun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə əsasən, standartlara və normativ sənədlərə uyğun olmayan malların istehsalı, satışı və xidmətlərin göstərilməsi inzibati məsuliyyətə səbəb olur. Bu maddə üzrə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 6000 manatadək cərimə oluna bilərlər:
"Eyni zamanda qida tərkibi ilə bağlı qanuna uyğun olaraq qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməmiş məhsulların istehsalı, emalı, satışı, saxlanması və ya başqa formada dövriyyəyə buraxılması da inzibati məsuliyyətə səbəb olur".
İdxal olunmuş məhsulların müvafiq sənədləri və aktı olmadan satış məqsədilə saxlanması, satılması və ya başqa formada dövriyyəyə buraxılması da inzibati məsuliyyət yaradır. Bu zaman fiziki şəxslər 350, vəzifəli şəxslər 1500-2000, hüquqi şəxslər isə 3000-5000 manatadək cərimə oluna bilərlər.