Diyetoloq və aktiv uzunömürlülük üzrə mütəxəssis Yelena Jelyanina qeyd etdi ki, çörək məhsullarındakı kif, miselyumları tez bir zamanda aşağıya doğru yayılan, şaxələnmiş sapları olan tipik bir göbələkdir.
E-saglam.az xəbər verir ki, o bildirib ki, kif insan sağlamlığı üçün təhlükəli olan mikotoksinlər adlı zəhərli birləşmələr istehsal edir. Bu maddələr immun sistemini zəiflədir, sinir sisteminə zərər vurur və daxili orqanlarda ciddi fəsadlara yol aça bilər.
Ekspertin sözlərinə görə, mikotoksinlər, xüsusilə aflatoksinlər xərçəng də daxil olmaqla bir sıra ağır xəstəliklərin yaranma riskini artırır. Qeyd olunur ki, qızartma, qaynatma və digər istilik üsulları kif göbələklərini və onların toksinlərini məhv etmir.
Mənbənin məlumatına əsasən, qablaşdırmada olan tərəvəzlərdən yalnız birinin – məsələn, xiyar və ya pomidorun – kiflənməsi belə, digərlərinin də çirklənməsi anlamına gəlir. Tərəvəzlərin quruluşu kifin miselyumunun meyvənin dərin qatlarına asanlıqla nüfuz etməsinə şərait yaradır. Kök tərəvəzlərdə isə kif mikroçatlaqlar və damar dəstələri vasitəsilə yayılır.
Mütəxəssis həmçinin xatırladıb ki, mürəbbə, meyvə şirəsi və ya kompotun üzərində əmələ gələn nazik təbəqə də kifdir. O bildirib ki, miselyum görünməsə belə, məhsulun bütün həcmi çirklənmiş sayılır və bu halda heç bir qaynatma və ya təkrar emal vəziyyəti düzəltmir.
Onun fikrincə, kiflənmiş qidaların qəbulu qaraciyər hüceyrələrinin zədələnməsi, orqanizmin detoksifikasiya qabiliyyətinin zəifləməsi, mədə-bağırsaq sisteminin qıcıqlanması və iltihabi proseslərin artması riskini yüksəldir. Buna görə də belə məhsulların qida rasionundan tamamilə çıxarılması tövsiyə olunur.
Tərcümə: Könül Oruc