Qidalanma
Üç badam, bir qoz:
Qidalanma
30

Üç badam, bir qoz: Hansı daha sağlamdır?

Badam və qoz gündəlik qidalanmada ən çox istifadə olunan qoz-fındıqlardandır. Oxşar qida dəyərlərinə malik olsalar da, sağlamlığa təsirləri baxımından fərqli üstünlüklər təqdim edirlər. Mütəxəssislər bildirirlər ki, hansı qozun daha faydalı olması insanın fərdi ehtiyaclarından və məqsədindən asılıdır.

E-saglam.az xəbər verir ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına əsasən, 30 qram badam təxminən 175 kalori, 6,4 qram protein, 15,3 qram yağ, 6 qram karbohidrat və 3,2 qram lif ehtiva edir. Eyni miqdarda qoz isə 204 kalori, 4,4 qram protein, 20,9 qram yağ, 3,3 qram karbohidrat və 1,6 qram liflə seçilir. Badam kalsium və maqnezium baxımından da daha zəngindir.

Mütəxəssislərin fikrincə, pəhriz saxlayanlar və daha uzun müddət tox qalmaq istəyənlər üçün badam daha uyğun seçimdir. Dietoloq Daun Cekson Blatner bildirir ki, badam protein, lif, E vitamini və maqnezium baxımından üstünlük təşkil edir və gündəlik qida çatışmazlığının qarşılanmasına kömək edir. Lif qəbulunun az olduğu hallarda badam praktik və faydalı qəlyanaltı hesab olunur.

Kaliforniyalı həkim Neal H. Patel qeyd edir ki, badamda olan tək doymamış yağlar LDL xolesterolun azalmasına kömək edə bilər. Tərkibindəki E vitamini, maqnezium və kalsium isə beyin fəaliyyəti, qan şəkərinin tarazlanması və sümük sağlamlığı üçün əhəmiyyətlidir.

Qoz isə əsasən omeqa-3 yağ turşuları ilə seçilir. Bu yağ turşuları ürək və beyin sağlamlığını dəstəkləyir və orqanizm tərəfindən sintez olunmadığı üçün qida ilə qəbul edilməlidir. Qoz həmçinin manqan, mis, maqnezium, kalium və fosforla zəngindir. Bu maddələr qan təzyiqinin tənzimlənməsində, əzələ və sinir funksiyalarının qorunmasında mühüm rol oynayır.

Mütəxəssislər yekdil qərara gəlirlər ki, hər iki qoz-fındıq sağlamdır və müntəzəm istifadə edildikdə orqanizmə fayda verir. Məqsəd toxluq hissini artırmaq və lif-protein qəbulunu yüksəltməkdirsə, badam daha uyğundur. Ürək və beyin sağlamlığını dəstəkləmək istəyənlər üçün isə qoz daha yaxşı seçim ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun