Tez-tez qaçılmaz yaşlanma əlaməti kimi gördüyümüz ağ saçlar elmi dünyada böyük müzakirələrə səbəb olub.
E-saglam.az xəbər verir ki, "Nature Cell Biology" jurnalında dərc olunan təəccüblü bir araşdırma göstərir ki, bu estetik dəyişikliyin əslində bədənimizin DNT zədələnməsinə və xərçəngə qarşı inkişaf etdirdiyi təbii və güclü bir müdafiə mexanizmi ola bilər.
Beləliklə, həyatımız boyu estetik problem kimi qəbul etdiyimiz saç ağarması düşündüyümüzdən daha funksional ola bilər.
Tədqiqatçılara görə, saçların ağarmasının sirri saçlara rəng verən hüceyrələrdədir. Saç follikullarındakı melanosit kök hüceyrələri melanin piqmenti istehsal edir və bu da saçlarımıza rəng verir. Lakin yaşlandıqca bu kök hüceyrələr bir qədər "yorğun" olur və piqment istehsalını dayandırır.
London Siti Sent Corc Universitetinin hüceyrə bioloqu Dot Bennett bu prosesi "hüceyrə qocalması" adlandırır və mexanizmi belə izah edir: "Bu hüceyrələr təsadüfi genetik səhvlər nəticəsində çoxalma və xərçəngə çevrilmə riskinin qarşısını almaq üçün zamanla qəsdən tükənirlər".
Alimlər bu nəzəriyyəni sübut etmək üçün siçanlar üzərində təcrübələr aparıblar. Heyvanlar xərçəng riskini artıran ionlaşdırıcı şüalanma kimi ətraf mühitin stres faktorlarına məruz qalıblar.
Nəticələr diqqətəlayiq idi:
Radiasiyanın təsiri altında kök hüceyrələr sürətlə yetkinləşərək qocalma prosesini başladır. Başqa sözlə, xərçəng riskinin artdığı stresli şəraitdə bədən hüceyrə bölünməsini sürətlə və şüurlu şəkildə məhdudlaşdırırdı. Bu şüurlu məhdudiyyətin görünən nəticəsi ağ saçların görünməsi idi.
Tərcümə: Könül Oruc