Zəruri tədbirlər görülməsə, 2050-ci ilə qədər bütün dünyada xərçəngdən ölüm halları iki dəfə artacaq.
E-saglam.az xxəbər verir ki, bu barədə Qlobal Xəstəlik Yükünün (GBD) "Xərçəng" araşdırmasında deyilir.
Tədqiqat aparan ekspertlər Cənubi Asiya və Sub-Sahara Afrikadakı vəziyyəti vurğulayaraq, milyonlarla insanın qarşısı alına bilən və ya erkən müalicə oluna bilən xərçənglərdən ölmək riski altında olduğunu vurğulayıblar.
Təhlil, xərçəngin artıq yüksək gəlirli ölkələrlə məhdudlaşan bir problem olmadığını ortaya qoyub. Araşdırmaya görə, xərçəng yükünün artan payı aşağı və orta gəlirli ölkələrə keçir.
Məlumata əsasən, 2023-cü ildə dünyada 18,5 milyon yeni xərçəng hadisəsi aşkarlanıb və 10,4 milyon insan bu xəstəlikdən həyatını itirib. Bu rəqəm göstərir ki, dünyada hər altı ölümdən birinin səbəbi xərçəngdir. Xərçəngdən ölüm hallarının üçdə ikisindən çoxu aşağı və orta gəlirli ölkələrdə baş verir.
Proqnozlara görə, 2050-ci ilə qədər dünyada hər il təxminən 30,5 milyon yeni xərçəng hadisəsi baş verə bilər və illik xərçəng ölümləri 18,6 milyona çata bilər.
Qeyd olunub ki, bir çox bölgələrdə əvvəllər yaşlı insanlarda müşahidə olunan bəzi xərçəng növləri artıq gənclərdə də artmaqdadır. Bu vəziyyətin təhsilə, məşğulluğa, ailə həyatına, iqtisadi təhlükəsizliyə ciddi təsirləri olduğu vurğulanıb.
İqtisadiyyat.az